Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov AVRO-2016-nın
seçmə mərhələsi çərçivəsində Norveçə 0:1 hesablı ev məğlubiyyətini şərh olub. Sportnet.az-ın
məlumatına görə, Sadıqov jurnalistlərə açıqlamasında hücum futbolu
oynadıqlarını bildirib.
O deyib: "İlk dəqiqələrdən çalışdıq ki, hücum futbolu oynayaq. Oyuna da,
topa da nəzarət bizim əlimizdə idi. Artıq rəqib geriyə çəkilib müdafiə
olunurdu. Künc zərbəsindən vurulan adi bir qol rəqibin işinə çox yaradı. Bu
qoldan sonra daha çox müdafiəyə qapanıb əks-hücuma bel bağladılar. Çalışdıq ki,
hesabı bərabərləşdirək. Amma alınmadı”.
Təcrübəli müdafiəçi yığmamızın sabiq baş məşqçisi Berti Foqtsla hazırkı çalışdırıcı Mahmud Qurbanovu müqayisə etmək istəmədiyini bildirib: "Onları müqayisə etmək istəməzdim. Foqts 6 il bizimlə işlədi, çox şey öyrətdi. Yaxşı nəticələr də əldə etmişdik. Hətta qrupda tariximizin ən çox xalını da toplamışıq. Norveçlə oyunda isə bizi meydana Mahmud Qurbanov çıxarmışdı. O, bizdən hücum etməyi və topa daha çox sahib olmağı tələb edirdi. Bu dəfə tam fərqli oyun sərgilədik. Futbolçularımız da meydanda çox çalışdılar və istəyirdik ki, öz azarkeşlərimiz qarşısında qələbə qazanaq. Sadəcə həlledici məqamlarda ustalığımız çatmadı. Rəqibin təcrübəsi öz sözünü dedi”.
Qeyd edək ki, Azırbaycan - Norveç matçı rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.