19 yaşadək futbolçulardan ibarət
yığmamızadəstək olmaq məqsədiləəməkdar məşqçi Ağasəlim Mircavadov
AFFA tərəfindən qrup oyunlarının keçirildiyi Macarıstana ezam edilmişdi. Sportnet.az-ın məlumatına görə, oyunlar
başa çatdıqdan sonra təcrübəli mütəxəssis affa.az saytının suallarını
cavablandırıb.
- Turnirlə bağlı sizdə hansı təəssürat formalaşdı?
- Uzun müddət idi bu cür turnirləri izləmirdim. 19 yaşadək futbolçulardan ibarət yığmamızın oyununu ilk dəfə görürdüm. Yığmamız 3 oyun ərzində cəmi bir hissə ağıllı, baxımlı futbol nümayiş etdirdi. O da Sloveniya yığması ilə qarşılaşmanın birinci hissəsində oldu. Bu matçda qələbə qazanmaq çox vacib idi. Çünki digər oyunda artıq elit-raunda vəsiqəni təmin etmiş Slovakiya təşkilatçı Macarıstanı qəbul edirdi. Oyundan əvvəl çoxları slovakların meydan sahiblərinə güzəştə gedəcəklərini düşünürdü. Ancaq Slovakiya fair-play nümayiş etdirdi və əbəs yerə lider olmadığını göstərdi. Müqayisə aparsaq, iştirakçı komandalar arasında Slovakiya yığmasının oyununu daha çox bəyəndim. Bu yığmanın üzvlərinin futbola baxışı, oyun tərzi, meydançadakı iş əmsalı, hücumun istiqamətini bir cinahdan digərinə dəyişməsi yüksək səviyyədə idi. Slovakiya yığmasının heyətində yer alan futbolçulardan 2-3 nəfəri bizim Premyer Liqa klublarında rahat şəkildə oynayacaq gücdədir. Həmin futbolçular İngiltərə, İtaliya kimi ölkələrin klublarının üzvləridir.
- Bəs komandamız niyə 6 hissədən 5-də zəif
təsir bağışladı?
- Macarıstan yığması ilə oyundan sonra özüm
üçün təhlillər apardım. Həm Slovakiya, həm də Macarıstan komandasına oyun
planında uduzduq. Macarıstan yığmasına vurduğumuz qol rəqib qapıçının bizə
hədiyyəsi oldu. Məhz bu qol sayəsində ikinci pilləni tutduq. Açığı, bununla
bağlı məşqçilərlə də söhbət etdik. Onlar da komandanın bu cür zəif çıxış
etməsinə təəccüblənirlər. Çünki U-19 Xorvatiyada, Makedoniyada toplanışda olub,
yoxlama oyunları keçirib. Cinahlarımız yalnız Sloveniya yığması ilə matçda öz
işinin öhdəsindən gələ bildi. Bunu da cəmi bir hissə izlədik. İkinci hissədə
isə erkən qol uşaqlarda təlaş yaratdı, başladılar vaxtı "öldürməyə”. Amma 40
dəqiqə uzun müddətdir və edilən dəyişikliklər müəyyən qədər kömək oldu. Texniki
imkanlarına görə futbolçularımız elə də seçilmirlər, amma aralarında
"vuruşan”lar var. Onlardan VadimAğarəhimovu qeyd edə bilərəm.
- Bəzi futbolçular var ki, haqlarında müsbət fikirlər söylənilirdi. Amma turnir çərçivəsində bunun şahidi olmadıq. Sizcə, niyə?
- Mən də bəzi futbolçular haqda çox eşitmişdim.
Onlar klublarında da əsas heyətdə meydana çıxırlar. Bəs niyə zəif oynadıq? Bunu
mütləq analiz etmək lazımdır. Bunu da məşqçilər korpusu edəcək.Çünki elit-raundda daha güclü
komandalar çıxış edəcək. İstənilən halda, komandamızı təbrik edirəm. Bu uğurun
özülünü Mirbağır İsayev qoydu. U-17-nin vəsiqə qazanması U-19 üçün də stimul
oldu.
- Elit-raundla bağlı hansısa tövsiyələriniz oldumu?
- Biz elit-raunda çıxışla kifayətlənəcəyiksə,
bu, düzgün yanaşma deyil. Bu uşaqlardan çox şey tələb olunmalıdır. Çünki AFFA
rəhbərliyi komandaya hər cür şərait yaradıb, onlar il ərzində müxtəlif toplanışlarda
olub, yoxlama oyunları keçiriblər. Bununla bağlı onlara məhdudiyyət qoyulmayıb.
Bunun müqabilində futbolçularımız da istəniləni verməlidirlər. Elit-raundla
bağlı isə güclü təhlil aparılmalı, axtarışlar davam etdirilməlidir. Təbii ki,
püşkdən də çox şey asılıdır. Çünki İspaniya, Almaniya, Hollandiya, Belçika,
Avstriya, Fransa, İtaliya kimi güclü komandalar qrupumuzda yer ala bilər.
Əlbəttə, hazırlıq planı da mütləq olmalıdır.
- Təşkilatçılıqla bağlı nə deyə bilərsiniz?
- Təşkilatçılıq çox zəif idi. Əvvəllər
istirahət günlərinin birində komandaları şəhərin və ya ölkənin görməli
yerlərinə ekskursiyaya aparırdılar, əgər ölkədə əsas yığmanın oyunu
keçirilirsə, ora dəvət edirdilər. Macarıstanda olarkən bunu görmədik. Belə ki,
noyabrın 14-də seçmə mərhələnin oyunu çərçivəsində Macarıstanın və
Finlandiyanın əsas yığmaları qarşılaşdılar. Biz həmin matçı izləmək istəsək də,
təşkilatçılar buna şərait yaratmadılar. Bundan başqa, meydançalar da ideal
vəziyyətde deyildi. Düzdür, təbii ot örtüklü idilər, ancaq kələ-kötür yerlər
çox, ot seyrək idi. Müqayisə aparsaq, Tofiq Bəhramov adına Respublika
stadionunda və ya "Bakcell Arena” vəziyyət bundan daha yaxşıdır. Qəbələdəki
stadionlar ideal olduğundan bu haqda geniş danışmaq istəmirəm.
- Uzun fasilədən sonra U-17 və U-19 eyni ildə elit-raunda vəsiqə qazandı...
- Bu, sevindirici haldır. Əsas odur ki, davamlı olsun. Görüləsi işlər isə çoxdur. Futbolçularımız taktiki planda çox zəifdirlər. Bu istiqamətdə çalışmalar həyata keçirilməlidir. Sloveniya ilə qarşılaşmanın birinci hissəsindəki oyunun daimi olmasına çalışmalıyıq.