Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi
-
AFFA rəhbərliyi Məşqçilər Komitəsinin qarşısına hansı məqsədləri qoyub?
- Məqsəd eynidir: bütün layihələrdə fəal iştirak,
işə nəzarət və təcrübəmizdən istifadə. İş çoxdur. Burada təkcə milli komandalar
deyil, uşaq futbolu, bölgələrdə və klub futbolunun inkişafı da nəzərdə tutulub.
Bir sözlə, ayrı-ayrı layihələrdə iştirak etməli, peşəkar kimi sözümüzü deməli
və məsləhətlərimizi verməliyik. Ən əsası, hər bir məşqçi başa düşəcək ki,
onların üzərində nəzarət var. Hesab edirəm ki, hər bir işdə, proqram və layihədə
nəzarətsiz iş olmaz. Başqa sözlə, iş olan yerdə nəzarət də olmalıdır. Hazırda
nəzarət peşəkarlara tapşırılıb. İnşallah, biz də bunu layiqincə həyata
keçirməyə çalışacağıq.
-
Robert Prosineçkinin Azərbaycan milli komandasına baş məşqçi təyinatı vaxtı
sizinlə məsləhətləşmələr aparıldı?
- Prosineçkinin təyinatı dünən olub. Amma
təyinatdan öncə bizə bildirilmişdi ki, o, namizədlərdən biridir, hazırda
ölkəmizdədir, yığmaya rəhbərlik etməyə dair qərar verməmişdən öncə
futbolumuzla, onun infrastrukturu, klublar və uşaq futbolu ilə dərindən tanış
olmaq istəyir. Bunlar bizə məlumat kimi verilmişdi.
-
Reaksiyanız necə olmuşdu?
- Prosineçki Azərbaycana gələrək, yaxın
tanışlıqdan sonra qərar verib. Bu, yeni baş məşqçinin işə çox ciddi və
məsuliyyətlə yanaşdığını göstərir. O, hara gəldiyini çox yaxşı dərk edir. Belə
demək olarsa, gənc və uğurlara ac mütəxəssisdir. Baş məşqçi kimi nüfuzunu
Azərbaycan yığması ilə qaldırmağa çalışacaq. Prosineçki yığmamızın uğurlu
çıxışı üçün əlindən gələni etməyə çalışacaq.
- Belə
fikirlər də var ki, Məşqçilər Komitəsi baş məşqçilər üzərində "Damokl
qılıncı" olacaq...
- Niyə "Damokl qılıncı" olmalıyıq? Biz
də insanıq, məşqçiyik və hər şeyi başa düşürük. Ən vacibi odur ki, futbolun
içindəyik, həmişə futbola sadiqik. Millimizin də, ayrı-ayrı mütəxəssislərimizin
də inkişafına, futbolumuza öz töhfəmizi verməyə çalışacağıq. Niyə kimsə
kimdənsə çəkinməlidir? Bu, peşəkar iş prosesidir. Çalışacağıq ki, bütün
məşqçilərimizə dayaq olaq.
-
Əvvəllər bir çoxları kimi milliyə yerli mütəxəssisin rəhbərlik etməli olduğunu
deyirdiniz. Yenə bu fikirdə qalırsınız?
- Biz bu məsələni də müzakirə etmişik. Ən birinci yerli mütəxəssis Qurban
Qurbanov idi.Amma
"Qarabağ"da çox yaxşı işlər görür və onu bu klubdan ayırmaq
məqsədəuyğun olmazdı. Yerli və ya əcnəbiliyindən asılı olmayaraq, baş məşqçi
hara gəldiyini və hansı oyunçu potensialı ilə işləyəcəyini, ondan nəyin tələb
olunduğunu dərk etməlidir. Bu gün yerli mütəxəssislər milli komandaya cəlb
olunmayıblarsa, o demək deyil ki, yığmadan kənarda qalıblar. Hər birimiz öz
işimizdə peşəkarcasına, vicdanla işləyərək, futbolumuzu inkişaf etdirməli və
millimizin oyununa təkan verməliyik.
-
21 yaşadək futbolçulardan ibarət yığmamıza hələ baş məşqçi təyin olunmayıb.
Bununla bağlı nə düşünürsünüz?
- Sabah AFFA-nın baş katibi Elxan Məmmədovla
görüşəcəyik. Tədbirdə bütün məqsəd və vəzifələr açıqlanacaq. Hesab edirəm ki,
biz heç bir işdən kənarda qalmamalı və tövsiyələrimizi verməliyik. Məncə, bu
təyinatdan da kənarda qalmayacağıq. Hazırda proses gedir, müzakirələr olacaq.
Ondan sonra nə isə demək olar.
-
Məşqçilər Komitəsinin 5-ci üzvü kim olacaq?
- Hələ bu haqda müzakirələr aparmamışıq. Komitə
üzvlərinin hər biri ilə söhbət etdikdən sonra bu haqda nə isə demək olar. Çox
güman ki, həmin namizədin adını yaxın günlərdə açıqlayacağıq. Bu gün
futbolumuza xeyir verə bilən, xidmət edən mütəxəssislər çoxdur. Amma bir araya
gələrək müzakirələr apardıqdan sonra nə isə demək olar.
-
Sizə hansısa komandadan iş təklifi aldığınız halda, Məşqçilər Komitəsini tərk
etmək səlahiyyəti verilib. Amma sədr təyin olunmağınız o demək deyil ki, Vaqif
Sadıqov baş məşqçi karyerasını başa vurur?
- Belə bir komitədə yer almağımız o deməkdir ki,
elə məşqçiliklə məşğul olacağıq. Bizə deyilib ki, hansısa klubdan iş təklifi
aldığımız vaxt komitəni tərk etməyimiz lazım gələcək. Məşqçilər Komitəsində
sırf komitənin işi ilə məşğul olanlar yer almalıdır. İki yerdə işləmək imkanı
vermirlər. Digər tərəfdən, seçim imkanı verirlər. Fəal məşqçi karyeramızın
qarşısını almırlar. Hər hansı təkliflə bağlı qərar vermək səlahiyyətini bizə
buraxırlar.
-
İddialı klublar və yığma komandaların baş məşqçilərinə yüksək əmək haqqı
ödənilir. Bəs Məşqçilər Komitəsinin üzvləri üçün əmək haqqı qaneedicidir?
- Bəli, bizə hər birimizi qane edən maaş ayrılıb.
Məşqçilər Komitəsi ictimai əsaslarla fəaliyyət göstərmir. Amma maaş almağımız o
demək deyil ki, gündəlik AFFA-da olmalıyıq. Bizim gündəlik işimiz stadionlarda,
yarış meydanlarında olmalıdır. Təkcə Bakıda deyil, bölgələrdə də olmalıyıq.
Yığmalarımız çox fəaldırlar, onlarla da birgə olmalıyıq. Tez-tez AFFA-da
görüşməsək də, bizi daim stadionlarda görəcəksiniz.
-
O cümlədən Azərbaycan çempionatının oyunlarında da...
- Təbii. Klubların işinə nəzarət, yığmaya
namizədləri nəzərdən keçirmək və digər məsələlər Məşqçilər Komitəsinə həvalə
olunubsa, çempionat, aşağı yaş qrupları, Bakıda və bölgələrdəki oyunlarda, bir
sözlə, hər yerdə bizi görə biləcəksiniz. (Report.az)