
"Bavariya"ya 1974-cü ildə tarixində ilk dəfə Çempionlar Kubokunu qazandırmış məşhur almaniyalı məşqçi Udo Lattek 80 yaşında ikən dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, Lattek son zamanlar Parkinson xəstəliyindən əziyyət çəkirdi.
O, 2000-ci ilədək davam etmiş karyerası ərzində 16 titul qazanıb. Bunlardan 8-i "Bavariya" (6 dəfə) və 2-si Mönhenqladbax "Borussiya"sı ilə Almaniya çempionluğu olub. Məşhur mütəxəssis İspaniyanın "Barselona" (1982-ci ildə Kuboklar Kuboku, 1983-cü ildə İspaniya Kuboku qazandırıb), Almaniya "Şalke", "Köln" və Dortmund "Borussiya"sının baş məşqçisi, 1966-cı il dünya çempionatında köməkçi-məşqçi olub.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Mönhenqladbax "Borussiya"sında məhz Udo Lattekin rəhbərliyi altında 3 dəfə Almaniya çempionluğu əldə edib.








































































