Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq üçün idmançılara təqaüd verilməsini davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilib ki, bu qərar olimpiya həmrəyliyi çərçivəsində 185 milli olimpiya komitəsindən ümumilikdə 1600 idmançıya şamil olunub: "İdmançılara dəstək davam edəcək. 2021-ci ilə qədər ödəniləcək ümumi məbləğ 110 milyon ABŞ dolları təşkil edir".
Olimpiadaya hazırlaşan Azərbaycan idmançıları da bu imkandan yararlana biləcəklər.
Qeyd edək ki, bu il 24 iyul - 9 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək Oyunlar avqustun 8-dək davam edəcək.