
Azərbaycan Basketbol Federasiyası (ABF) ilin yekunları və gələcək planları barədə tədbir keçirib.
Sportnet.az-ın məlumatına görə, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə basketbol ailəsinin hesabatına toplamaqdan məmnunluq ifadə edib.
O, son bir ildə basketbolda əldə olunan irəliləyişlərdən danışarkən, 3x3 üzrə qadınlardan ibarət millinin ilk dəfə olimpiadada təmsil olunan komanda kimi tarixə düşdüyünü diqqətə çatdırıb.
Hüseynzadə Paris-2024 Yay Olimpiya Oyunlarında bu kollektivin Çin və ABŞ yığmaları üzərində qələbəsini xüsusi vurğulayıb.
MOK rəsmisi voleyboldan sonra basketbolda da klub miqyasında yüksək nəticələrin əldə olunduğunu söyləyib: "Azərbaycan xalqı o qədər də ucaboy deyil. Amma əhalisi bizdən də alçaq boyda olan elə ölkələr olub ki, basketbolda xariqələr yaradıblar. Buna görə də ölkəmizdə basketbolun gələcəyini çox parlaq görürəm".
Daha sonra hesabat xarakterli çıxış olub. Bildirilib ki, Azərbaycan çempionatında 12 komanda çıxış edib. Eləcə də kişilər və qadınlar arasında 3x3 basketbol üzrə Azərbaycan çempionatı da təşkil olunub.
Uşaq və gənclər liqalarında da yarışlar kütləviliyi ilə diqqət çəkib.