İyulun
6-da Bakıda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə Federasiya
Kuboku yarışı keçirilib. Velosiped İdmanı Federasiyasının mətbuatxidmətindən Sportnet.az-a verilən məlumatagörə, zığ şosesindəki zeytun bağları adlanan ərazidə təşkil
olunanyarışda Federasiyasının nəzdində fəaliyyət göstərən klub və
cəmiyyətlərin idmançıları mübarizə aparıb.
Bundan başqa, həmin məkanda
"SharkHead / velopeople” Həvəskar Velosipedçilər Klubunun "X-Ride” Cross-Country
üzrə Bakı Açıq Kubokunun 3-cü mərhələsi də baş tutub.
Bir gün davam edən və
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydalarına əsasən keçirilən
yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar hər biri 2.4 km-dən ibarət 5
dövrədə (cəmi 12 km)
yarışıblar. Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy
Baku”nun üzvü Aqşin İsmayılov marşrutu 29 dəqiqə 53 saniyəyə başa vurmaqla
Federasiya Kubokunun qalibi olub.
2-ci və 3-cü yerləri isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçiləri tutub. Orxan Məmmədov çempiona 13 saniyə, Murad Sultanov isə 1 dəqiqə 6 saniyə uduzmaqla müvafiq olaraq gümüş və bürünc medala yiyələnib.