"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, onlardan yalnız "Monako" qələbə qazana bilməyib.
"Knyazlıq klubu" Fransa Liqasının VIII turunda səfərdə "Genqam"la məhsuldar heç-heçəyə nail olub. Qolları 14-cü dəqiqədə Bernardo Silva, 45-ci dəqiqədə Andrea Racci, 71-ci dəqiqədə isə Nabil Dirar vurub. Bu nəticədən sonra "Monako" 12 xalla 9-cu pillədə qərarlaşıb.
Oktyabrın 1-də "Qarabağ"ın qonağı olacaq Belçika "Anderlext"i Bakıya minimal hesablı qələbə ilə gəlir. Jupiler Liqasının IX turunda "Sent Tryuden"i qəbul edən "Anderlext"in yeganə qolunu 32-ci dəqiqədə Stefano Okaka vurub. 83-cü dəqiqədə isə Steven Defur penaltini dəqiq yerinə yetirə bilməyib. Bununla da "Anderlext" xallarını 18-ə çatdıraraq, 2-ci pillədə qərarlaşıb.
"Tottenhem" isə İngiltərə Premyer Liqasının VII turunda "Mançester Siti"ni darmadağın edib. London komandasından qolları Erik Dayer (dəq. 45), Tobi Alderveyreld (dəq. 50), Harri Kahe (dəq. 61) və Erik Lamela (dəq. 79) vurub. Hazırda "Tottenhem" 12 xalla 5-ci pillədə yer alıb.