
Peşəkar Futbol Liqası (PFL) "Qarabağ"ın ev stadionunu "Azərsun Arena" kimi təsdiqləyib. Qurumdan Sportnet.az-a verilən məlumata görə, klub PFL-ə mövsümün ikinci yarısı üçün göndərdiyi məktubda əsas stadion kimi bu arenanı göstərib.
XXII turun proqramına əsasən, "Qarabağ" fevralın 20-də "Neftçi"ni məhz "Azərsun Arena"da qəbul edəcək. Bunadək PFL həmin arenanı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu kimi göstərirdi.
Qeyd edək ki, mövsümün ilk yarısında Ağdam təmsilçisinin təqdim etdiyi sifariş ərizəsində Tofiq Bəhramov adına Respublika stadionu klubun ev arenası göstərilib. Amma bir müddət sonra "Azərsun Arena" tam hazır olub. Bu zaman PFL "Qarabağ"a rəqiblərini yeni stadionunda qəbul etməyə razılıq versə də, ad olaraq, yerləşdiyi ərazi - Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu yazılıb. Yeni stadionda ilk oyun da "Neftçi"yə qarşı olub. Bu, 2015-ci il sentyabrın 26-da VI tur çərçivəsində baş tutub. Görüşdə qalib müəyyənləşməyib - 1:1.