Mayın 1-də “Azərbaycan Tennis Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Sportnet.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib.
Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra “Azərbaycan Tennis Federasiyası” İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib.
Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər.
Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.
Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, yeni seçiilən federasiya prezidenti Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. A.Vəliyev biznes sahəsindən icra başçısı vəzifəsinə gələn şəxs olaraq tanınır. O, böyük biznes obyektlərinə sahibdir.
2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olub. Bu vəzifəsindən sonra icra başçısı postuna gəlib. Hazırda Adil Vəliyevin biznesini oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) idarə edir. O, "Efendiler Group”un sahibi kimi tanınır.
Azərbaycan Tennis Federasiyasının əvvəlki prezidenti Milli Məclisin sabiq sədri Oqtay Əsədov olub.



















































































