Dünən Eddi İsrafilovun müsahibəsi ilə tanış oldum. Hiss olunur ki, o, Azərbaycanı sevir. Yəqin ki, bunu anası oğluna təlqin edib. Yığmaya çağırılması o qədər müsbət təsir göstərib ki, həmişə ehtiyatda oturan İsrafilov bu dəfə startda meydana çıxdı və 90 dəqiqə yüksək səviyyədə oynadı.
Eyni zamanda anasının fikirləri ilə tanış oldum. O, müsahibəsinin sonunda belə bir ifadə işlədib: "Növbəti toplanışda onu gözləyin”. Bu qadın sadəlöhfcəsinə elə düşünür ki, Azərbaycan futbol ictimaiyyəti, komanda yoldaşları həyəcanla, güllə-çiçəklə onun yolunu gözləyir. Daha demir ki... əvvəlcə onu himni oxumadığına görə qınayacaqlar. Sonra oyunlarda, məşqlərdə yerli "ulduzlarımız” ona elə bir torba tikəcəklər ki, Eddi Azərbaycana gəldiyinə peşman olacaq.
Mən "Azərbaycan yığmasının futbolçularının hamısı birlikdə himnimizi nə vaxt oxuyub?" deyə fikirləşdim. Yadıma düşdü. AVRO-2016-nın seçmə qrup mərhələsinin sonuncu, Norveçlə oyununda. Hətta baş məşqçi funksiyalarını icra edən Mahmud Qurbanov da yerli köməkçiləri ilə birgə himni oxuyurdu. Yəqin ki, Dmitri Nazarovun da start heyətində yer almamasının səbəbi himni bilməməsi, buna görə də ansamblı pozması idi. Yadımdadır, futbolçular elə həvəslə, ürəklə oxuyurdular ki... Amma kaş himni oxuyarkən göstərdikləri performansı oyunda da ortaya qoyardılar.
Həmin matçın ikinci hissəsində meydana girən Nazarova yazığım gəlirdi. Neçə dəfə boş mövqelərə açıldı. Amma komanda yoldaşları çox nadir hallarda ona ötürmə verdilər. Yəqin düşünüblər ki, birdən qol vurar və ya qol ötürməsi verər, onun adı yaxşı mənada hallanar. Mənə inanmırsınızsa, tapın, oyunun videoyazısına baxın. Baxın, görək bu futbolçu nə qədər ötürməyə "açıldı”, nə qədər ötürmə aldı. Oyunun sonuncu dəqiqələrində sol cinahda topla olan Rauf Əliyev cərimə meydançası qarşısında ötürmə gözləyən, güclü zərbələrə malik Nazarova ötürmə vermək əvəzinə topu qapı qarşısına, ucaboy Norveç nüdafiəçiləri olan yerə havalandıranda əmin oldum ki, bizimkilər üçün heç vaxt ümumi mənafe şəxsi mənafedən üstün olmayıb. Vətənpərvərlik, filan – bunlar hamısı görüntü üçün olan şeylərmiş. Hər sahədə olduğu kimi...
Gəlin, sizin üçün Ukrayna milli komandasının və Donetsk "Şaxtyor”unun futbolçusu Taras Stepanenkonun bir həftə öncə Elə Sportnet.az saytında gedən fikirlərini yenidən tirajlayım: "Vətənpərvərlik səviyyəsi yığmanın oyunları öncəsi himni oxumaq arzusu və ya oxumamaqla ölçülməməlidir. Kimin üçünsə emosiyalarını daxildə saxlamaq və çölə çıxarmamaq asandıır. Mən bu ölkədə doğulmuşam və yaşayıram. Hesab edirəm ki, himni oxumaq lazımdır. Amma təkrar edirəm: Hər kəs lazım bildiyi kimi hərəkət edir. Ola bilsin, digər futbolçu himn səsləndirilərkən, oyuna köklənir və fikirləri hardasa uzaqlara gedir. Yaxud da o, öz aləmində oxuya bilər. Amma "futbolçu himni oxumursa, patriot deyil” kimi fikirlər sayıqlamadır”.
Adətən, futbolçular o qədər də savadlı olmurlar. Ancaq fikirlərindən görünür ki, bu futbolçu dərrakə baxımından nəinki bizim futbolçulardan, hətta bir çox fikir adamlarımızdan da dərin düşünür. Bəli, intellekt sarıdan da futbolçunun səviyyəsi olmalıdır. Bu da futbolçu üçün əsas şərtlərdən biridir. Məncə, bizim futbolçularda çatışmayan cəhətlərdən biri də budur. Dərindən düşünə bilsəydilər, fikirləşərdilər ki, vətənpərvərlik himni ucadan oxumaq yox, oynadığı ölkənin mənafeyini düşünməkdir. Futbolçu düşünməlidir ki, təki Azərbaycan qol vursun, kim olur-olsun, qoy məni tərifləməsinlər, gəlmə Nazarovu tərifləsinlər, təki məğlubiyyətdən qaçaq. Bizimkilərin hərəkətindən isə görünən o idi ki, onlar "uduzsaq da olar, təki bu gəlmə fərqlənməsin, vururuqsa, özümüz vuraq, başqası yox” düşüncəsi ilə oynayırlar.
Amma mən sabaha ümidlə baxıram. Buna əsasım da var. Təsadüfən Facebookda U-19-un kapitanı Bəhlul Mustafazadənin səhifəsi ilə rastlaşdım. Ötəri nəzərdən keçirdikdə, sadəcə şoka düşdüm. Heç 18 yaşı tamam olmamış bu uşağın nə qədər yüksək intellektual səviyyəyə malik olduğu paylaşımlarından görünür. Bir neçəsini sayım: Nitsşedən sitatlar, Stiven Hokinqin düşüncələri, olduqca səviyyəli musiqilər, irqçiliyə qarşı şəkil, maraqlı rəsm əsərləri və s. Heyrət etməmək mümkün deyil.
Eddinin 22 yaşı var. Bir neçə ildən sonra o, karyerasının zirvəsində olanda yığmada Bəhlul və onun komanda yoldaşları ilə oynayacaq. O zaman hər şey yaxşı olacaq. Çünki kapitanı Bəhlul kimi olan komandanın uşaqları heç vaxt "torbatikən" ola bilməzlər.
Hələliksə gələcək gün üçün çətinliyə dözməyə dəyər...
RAQİB