Azərbaycan "Formula 1" yarışı keçirmək üçün ən çox vəsait ödəyən 3 ölkədən biridir.
Sportnet.az-ın "La Nacion"a istinadən məlumatına görə, digər ölkələr Rusiya və Birləşmiş Ərəb Əmirlikləridir. Ən az ödəniş edən ölkə isə Monakodur. Lakin üzvlük haqqının məbləği açıqlanmır.
"Formula 1" şirkətinin illik 2 milyard dollar gəlir əldə etdiyi də bildirilir. Lakin bu mövsüm koronavirus pandemiyası ilə əlaqədar hələ başlamadığı üçün şirkət televiziya gəlirləri və baş tutmayan Qran-prilər üzündən 35 milyon dollar itirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Lakin bu yarış koronavirusa görə təxirə salınıb. Rusiya Qran-prisi 25 - 27 sentyabrda, Abu Dabi (BƏƏ) Qran-prisi isə 27 - 29 noyabrda təşkil olunmalıdır.