
"Formula 1" üzrə 2020-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar Qran-pri mərhələlərinin təxirə salınması üzündən ləğv olunmalıdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə dünya çempionatının sabiq icraçı direktoru Berni Ekklstoun BBC-yə açıqlamasında bildirib. Böyük britaniyalı sabiq funksioner 2021-ci ilə hazırlaşmağın gərəkliyini vurğulayıb: "Mən bu il çempionu müəyyənləşdirmək üçün kifayət qədər Qran-prinin keçirilməsi variantını görmürəm. Artıq 8 mərhələ baş tutmayıb. Bəs qalan 14-nü necə keçirmək olar? Bu, çox çətindir".
Qeyd edək ki, koronavirus pandemiyası üzündən Monako Qran-prisi ləğv olunub. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Azərbaycan mərhələləri isə təxirə salınıb. Hazırda təqvimdə ilk Qran-pri 12 - 14 iyuna planlaşdırılan Kanada mərhələsidir.