"Biz "Formula 1" üzrə Rusiya Qran-prisinin azarkeşlərlə və təsdiqlənmiş təqvimdəki tarixdə keçirilməsinə köklənmişik".
Sportnet.az-ın məlumatına görə, bu barədə "Rosqonki" promouter şirkətinin açıqlamasında bildirilir. Bəyanatda ölkə tarixində 7-ci Qran-priyə hazırlığın davam etdirildiyi vurğulanır.
Şirkət lazım gəlsə, alternativ varianta texniki cəhətdən də hazır olduğunu bəyan edib. Bu halda müqavilə öhdəlikləri bir qədər fərqli ola bilər.
Hazırda "Formula 1" tərəfindən Rusiya Qran-prisinin dəyişdirilməsi üçün təklif gəlməyib. "Rosqonki" Soçidə təşkil olunacaq yarışın 25 - 27 oktyabr tarixində saxlanılmasını istəyir.
Qeyd edək ki, hələlik koronavirus pandemiyası ilə əlaqədar "Formula 1"in 2020 mövsümü başlamayıb. Avstraliya və Monako Qran-priləri ləğv olunub, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada mərhələləri isə təxirə salınıb. Hazırda 26 - 28 iyuna nəzərdə tutulan Fransa Qran-prisinin də baş tutmayacağı və mövsümün Avstriyada başlanacağı bildirilir.