Azərbaycanın
Triatlon Federasiyası (ATF) fəaliyyətinin 10 ayı dövründə bir sıra nailiyyətlər
əldə edib. Gənclər və İdman nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin
tövsiyəsi ilə yaradılan bu qurum hazırda Beynəlxalq və Avropa Ittifaqlarında ən
fəallardan biridir. Yığmanın idmançıları bir neçə yüksək reytingli yarışlarda
mükafatlar qazanıb, yeniyetmələrdən ibarət komanda isə beynəlxalq turnirdə ilk
sınağına çıxıb. Ən yaxın prioritet – 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarına əsaslı hazırlaşmaqdır. Proqramına triatlonun da daxil olduğu bu
Oyunlarda habelə 2016-cı il Olimpiadasına lisenziyalar qazanmaq şansı verilir.
Azərbaycan triatlonunun hazırki vəziyyəti, ilk uğurlar və gələcək planlar barədə
ATF direktoru Azər Məhərrəmov bölüşüb.
- Son aylar Azərbaycan triatlon komandası üçün çox zəngin olub. Yəqin ki, ilk nailiyyətlər haqda açıqlama vermək vaxtıdır...
-
Doğrudan da milli Triatlon Federasiyasının yaranmasından az vaxt keçsə də, bu
vaxt ərzində əldə olunan nailiyyətlər haqda danışmaq artıq mümkündür. On ay
ötdükdən sonra tam əminliklə demək olar ki, bizdə iki komanda mövcuddur – yığma
və yeniyetmələrdən ibarət. Birinciyə indiyədək cəmi 3 idmançı daxil idi –
Rostislav Pevtsov, Kseniya Levkovskaya və Aleksandr Yatsenko, amma bugünlərdə
onların sırasına daha bir azərbaycanlı idmançı qoşuldu – Zaur Arkaniya. İlk
üçlük çoxlu sayda təlim-məşq toplantılarında iştirak edib, beynəlxalq
startlatrda öz mövqelərini bərkidib. Yığma mövsümə Kaliforniyada açılış edib.
Burada idmançılar hazırlıq keçməklə yanaşı, Klermont şəhərində Panamerika
Kubokunda iştirak etdi ki, bu yarışda R.Pevtsov 7-c i nəticəni göstərib. İlk
beynəlxalq uğur isə komandaya Meksikada, La-Pas şəhərindəki Panamerika
Kubokunda elə R.Pevtsovun timsalında gəldi. Burada idmançımız 2-ci yeri tutdu.
- Hadisələrin
inkişafı onu göstərdi ki, bu, komandamızın uğurları davam etdirmək üçün əsaslı
zəmin olub.
- Tamamilə
doğrudur. Kaliforniyadakı təlim-məşq toplanışlarından sonra yığma, hazırlığı
davam etdirmək üçün Kiprə yola düşdü. Larnakadakı toplanışlar çox önəmli idi.
Ən azından ona görə ki, burada qitənin ən öndəgedən idmançıları bir araya gələrək
birgə məşqlər edirdilər. Kiprdəki hazırlıqlar da Çində təşkil olunan Asiya
Kubokunda öz bəhrəsini verdi. Burada Rostislav Pevtsov gümüş medal və xüsusi
kuboku qazandı. Triatletin nailiyyətləri bizi sevindirməyə bilməz, çünki o, ən
yüksək nailiyyətlərini Azərbaycan yığmasının tərkibində əldə edib. Buna sübut
olaraq idmançının beynəlxlaq yarışlar çərçivəsində ən mötəbər sayılan, Londonda
keçirilən Dünya seriyası etapındakı nəticəsini də göstərmək olar. Sentyabr
ayınadək Beynəlxalq Triatlon Federasiyasının (İTU) bayrağı altında çıxış edəcək
Rostislav burada 16 idmançı arasında finişə 11-ci gəldi.
Belə bir
ulduzlar toplumu arasında 11-ci nəticəni Pevtsovun karyerasında ən yüksək nöqtə
kimi qəbul etmək olar. Rostislav hələ ki, dünyanın birinci onluğunda yer almasa
da, Azərbaycan yığmasının tərkibində xeyli nailiyyətlər əldə edə bilib. Bizim
üçün bu, çox vacibdir, axı, Federasiyamız da beynəlxalq arenada ilk addımlarını
atır. Buna görə ümidvarıq ki, Pevtsov Bakıda təşkil olunacaq Avropa Oyunlarında
da özünü göstərməyi bacaracaq və Olimpiada 2016-ya lisenziya uğrunda mübarizə
aparacaq.
-Triatlonda idmançı bir çox vərdişlərə, xüsusiyyətlərə malik olmalıdır. Bura həm üzgüçülük, həm velosiped idmanı, həm də qaçış daxildir. Bu növlərin xüsusiyyətləri nədən ibarətdir?
- Məlumdur
ki, triatlon çox bahalı idman növüdür. Bura həm velosiped qismində texnika,
müxtəlif ehtiyat hissələri, onların təmiri üçün xüsusi təchizatla yanaşı, həm də
idman geyimi, termokostyumlar daxildir.
- Komandalara
legionerlərin cəlb olunması bir çox ölkədə normal prosesdir. Bu, xüsusən də
dünya arenasında mövqelərini bərkitmək üçün yenicə addımlar atmağa başlayan
Federasiyalar üçün önəmlidir. Məsələnin həlli variantını Siz nədə görürsünüz?
-Sirr
deyil ki, idmanın inkişaf istiqamətlərindən biri də, ələlxsus da, hər şey
sıfrdan başlayırsa, bu da legionerlərin cəlb olunmasıdır. Biz bunu gizlətmirik
də. Düzdür, gənc idmançılarla da işə başlamaq mümkündür, amma buna bəlkə də 10
il vaxt gedəcək. Bu zaman perspektivli gənc komanda ilə yanaşı biz triatlonda
mövqelərini təqsiqləmiş şəxsləri dəvət ediriksə, bax bu, başqa məsələdir. Bir tərəfdən
onlar bir növ püxtələşməkdə olan nəsil üçün örnək rolu oynayacaqlar, digər tərəfdən
isə Azərbaycanın aktivinə ilk medallar gətirə bilərlər. Yəni triatlonun
inkişafına idmanın bu növündə bizdən xeyli öndə gedən digər ölkələrdən cəlb
edilmiş idmançılar olmadan başlamaq düzgün deyil.
-Yeniyetmələrdən ibarət komanda ilə vəziyyət nə yerdədir? Yaxın perspektivdə ən çox kimə bel bağlamaq olar?
-Ötən
ilin sonunda biz yeniyetmələrdən ibarət komandanı formalaşdırdıq. Onun tərkibinə
Nurlan Əliyev, Elmir Yusifov, Orxan Heydərli, Sahib Salahov və Denis Karçaşkin
daxildir. Onlar yaxşıların yaxşısıdır. Bu idmançılar gözəl şəraiti olan Şağan
Olimpiya kompleksində hər gün məşq edirlər. Orada hovuz da var, stadion da, eləcə
də triatlon üçün əldə etdiyimiz müvafiq avadanlıq, o cümlədən də velosipedlər
mövcuddur. Yəni idmançılarımızın məşqləri üçün bütün şərait yaradılıb ki, onlar
öz yaşıdları arasında nəticələr əldə edə bilsinlər. Bununla yanaşı, komanda
Mingəçevirdə, Avarçəkmə Federasiyasının bazasında məşqlər edib. Yeri gəlmişkən,
bu Federasiyaya təşəkkürümüzü bildirmək istəyirəm. Elə isti və dost münasibətlərində
olduğumuz üzgüçülük, velosiped idmanıs və atletika Federasiyalarına da həmçinin.
Yeniyetmələrin təlim-məşq toplanışlarında birinci komandanın məşqçisi Sergey
Yatsenko da iştirak edib. Bundan sonra biz gənclərimizi Antalyaya da apardıq
ki, burada da atletlərimiz Avropa Kuboku çərçivəsində bir neçə tədbirdə iştirak
etdilər. Aydın məsələdir ki, yeniyetmə idmançılarımız hələ ki, nə yaşları, nə də
təcrübələri ilə bu yarışda iştirak edə bilər, amma bu, onlar üçün əsl
triatlonun necə olduğunu hiss etmək üçün böyük təkan idi. Axı, startla,
üzgüçülükdən sonra velosipedlərə mindiyi terminalın, ən sonda isə qaçış
distansiyasını qət etməsi ilə bağlı müxtəlif nüanslar mövcuddur. Amma bütün
bunlar arasında ən maraqlısı Türkiyənin yeniyetmələrrdən ibarət yığması ilə
birgə yarışlar idi ki, burada da bizim yeniyetmə triatletlərimiz öz
bacarıqlarını nümayiş etdirə bildilər.
-Bu
turniri ümumilikdə necə səciyyələndirirsiniz?
-Bizi
sevindirir ki, bir sıra yarışlarda iştirak etmiş idmançılarla yanaşı, Nurlan
Əliyev və Elmir Yusifov aralarında nəticə etibarilə 1 saniyə fərq olmaqla, ilk
onluğa daxil ola bildilər.
-Triatlon barədə danışanda bu idman növünün də təmsil olunacağı Avropa Oyunları mövzusundan kənarda qalmaq mümkün deyil. Bu istiqamətdə hansı yeniliklər var, hansı məqamları açıqlaya bilərsiniz?
-Yəqin
ki, ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də
məhz Bakıda belə mötəbər yarışların keçirilməsinə nail olmaqdır. Bəzən insanlar
bu yarışların əhəmiyyətini tam dərk etmir. Dünyada Olimpiada zirvədirsə,
Avropada da bu oyunların əhəmiyyəti şəksizdir. Daha bir əhəmiyyətli məqam ondan
ibarətdir ki, bu, tarixdə ilk belə yarış olacaq. Azərbaycanın hər il müxtəlif
idman növləri üzrə yarışların keçirilməsinin öhdəsindən yüksək peşəkarlıqla gəlməsini
nəzərə alaraq, artıq indidən əminliklə demək olar ki, bu Avropa Oyunları öz miqyası,
qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçilməyi bacaracaq. Mən bunu tam əminliklə
deyirəm, çünki bu istiqamətdə görülən səylər, bütün sahələrin sürətlə inkişafı
göz qabağındadır. Avropa Oyulnlarının Təşkilati məsələləri üzrə bölməsi tam
gücü ilə çalışır. Eyni zamanda biz Macarıstandan olan idman nümayəndəsi Alpar
Naqi ilə birgə çalışırıq. Bu şəxs triatlon üzrə yarışlarda əlaqələndiricidir.
İndi son marşrutla əlaqədar iş gedir, yəni bura start, könüllülərin yerləşdirilməsi,
bu idman növünün bütün nüansları nəzərə alınaraq müvafiq işlərin görülməsi üzərində
proses gedir. Bildiyiniz kimi, triatlon ilk olaraq, üzgüçülüklə başlayır, daha
sonra idmançılar 40 km məsafəni velosipedlə qət etməlidirlər. Sözsüz ki,
onların yolu bizim şəhərin ən görkənmli və gözəl yerlərindən salınacaq, ələxsus
də Neftçilər prospekti ilə. Bütün bu yarış çox gözəl və möhtəşəm keçirilməlidir,
çünki bütün dünyada onu televiziya ilə milyonlarla tamaşaçı izləyəcək. Azərbaycan
ev sahibi qismində 4 idmançı üçün yerə malikdir (iki qadın, iki kişi idmançı).
Yəni müəyyən texniki məsələlər qalır ki, biz də onları tam həll etmək məqsədi ilə
Əməliyyat Komitəsi ilə (BEGOC) daim təmasda oluruq.
-Yəqin
ki, Avropa Oyunları 2016-cı il Olimpiadasını nəzərə alan bizim triatletlər üçün
bir növ həm də keçid rolunu oynayacaq.
-Onu
da nəzərə alaq ki, Bakıdakı Oyunların nəticəsinə görə Rio-de-Janeyro-2016
Olimpiadasına lisenziya veriləcək. Bütün bu, ondan xəbər verir ki, Bakıya qitənin
ən titullu və ən adlı-sanlı idmançıları təşrif buyuracaqlar. Axı Avropa
Oyunları Olimpiada-2016-ya tramplin rolunu oynayacaq. Özü də indi təsnifat
sikli başlayıb, idmançılar müxtəlif turnirlərdə Braziliyaya getmək üçün xallar
toplayır. Buna görə də, Pevtsovun hələ Bakı yarışlarından əvvəl Olimpiadaya
getmək üçün xal qazanması istisna deyil.
-Yəqin ki, triatlonun Azərbaycanda populyarlaşdırılması üçün istifadə edilən yollardan biri də sosial şəbəkələrdi?
-Bizim
mətbuat xidmətimiz çox fəal işləyir, bütün son xəbərlər isə ən qısa vaxta ilk
növbədə Federasiyanın rəsmi saytında – triathlon.az ünvanında yerləşdirilir.
Bununla yanaşı, Feysbukda aktiv səhifəmiz var - Triathlon Azerbaijan, onun
vasitəsilə biz ünsiyyət yaradırıq, şərhlər oxuyuruq, müxtəlif müraciətlər əldə
edirik, digər idman saytları ilə əməkdaşlıq qururuq ki, onların da oxucuları Azərbaycanda
yeni idman növləri barədə məlumatlara xüsusi maraq göstərirlər. Axı, triatlon
Olimpiya proqramına daxildir, Bakıda keçiriləcək Avropa Oyunlarının da həmçinin.
Hesab edirik ki, Rio-2016 Olimpiadasına lisenziyalar uğrunda layiqli mübarizə
aparmağa qadirik. Bir sözlə, sosial şəbəkələr böyük rol oynayırlar, hər halda,
onların vasitəsilə biz ən çətin işlərdən birinin yerinə yetirilməsinə
başlayacayıq.
-Sizcə, buna necə nail olmaq mümkündür?
-Bizə
triatlonla maraqlanan çoxlu sayda valideyn, yeniyetmə, əcnəbilər müraciət edir.
Aydındır ki, Triatlon Federasiyası yaradılmazdan əvvəl bu idman növü ilə
maraqlananlar mövcud idi. Xüsusilə ölkəmizdə işləyən xarici vətəndaşlar
arasında. Hətta soydaşlarımızdan da duatlon və triatlon üzrə qeyri-rəsmi
yarışlarda iştirak edənlər az olmayıb. Bundan başqa, uğurlu dövlət siyasəti sayəsində
Azərbaycan idman aləmində mötəbər yerlərdən birini tutur, bunu öılkəmiz həm də
London Olimpiadasında bir daha sübut etdi. İndi bizim əsas vəzifəmiz –
triatlonu əhali arasında daha da populyarlaşdırmaq, bu idman növünə daha çox
diqqət yönəltməkdir. Bu iş böyük səylər, əziyyət tələb edir, amma biz bu
istiqamətdə ən yaxın vaxtlarda addımlar atmağa başlayacayıq. Burada məşqçi heyətinin
təkmilləşdirilməsi, regionlarda triatlon seksiyalarının açılması da olduqca böyük
əhəmiyyət kəsb edir.
-Azərbaycanın
Triatlon Federasiyasının digər ölkələrdən olan həmkarları ilə əməkdaşlığı hansı səviyyədə qurulub?
-Bizim
bir çox Federiasiya ilə gözəl münasibətlərimiz mövcuddur. İlk növbədə Türkiyədəki
həmkarlarla, bu təşkilatın rəhbərı Həmdi Günəşin yaxın səyləri sayəsində.
Bundan başqa, Rusiyanın Triatlon Federasiyası ilə əməkdaşlığı qeyd etməmək
qeyri-mümkündür. Bu olkə Federasiyasının rəhbərilə Londonda dünya çempionatı çərçivəsində
tanış oldum. Onlar da bizə yaxından kömək göstərirlər. Ukraynadan olan həmkarlarımızla
da, başda Andrey Bildı olmaqla, münasibətlərimiz yüksək səviyyədədir.
-Yaxın
gələcəyə olan planlarınız nədən ibarətdir?
-Kiçik
fasilədən sonra yığma Avstriyada təlim-məşq toplanışlarına yollanacaq, burada
da əsas komandaya Zaur Arkaniya da qoşulacaq. Məşqçilərin fikrincə, onun
triatlonda ölkəmizi təmsil etməsi üçün kifayət qədər göstəriciləri var ki, bu səbəbdən
Arkaniya birbaşa birinci komandanın tərkbinə daxil olacaq. Yeniyetmələrdən ibarət
komandaya gəldikdə isə, idmançılar 23 yaşınadək olan atletlər arasında Avropa
Çempionatına hazırlaşırlar. Rusiyanın Penza şəhərində təşkil olunacaq bu
yarışlarda Azərbaycan 3-4 idmançı ilə təmsil olunacaq.
-Və
sonda arzularınızla bölüşərdiniz...
-Əlbəttə, indiki durumda ilk yerlərə sahib olmaq bir növ illüziya kimidir, lakin Federasiyanın fəaliyyətinin ilk 10 ayında qurur duyacağımız çox şey var. İnkişafı davam etdirəcəyik. Biz idman ictimaiyyəti və idmana böyük əhəmiyyət verən şəxslərlə eyni addımlamağa çalışırıq.