Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi iyulun 25-də start götürəcək. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 3 gün davam edəcək yarışa hazırlıq məqsədilə Azərbaycanın sərbəst güləş millisi Xaçmaz Olimpiya Kompleksində bir araya gəlib.
İyulun 6-dan başlanan təlim-məşq toplanışına gənclərdən ibarət yığmamız da qatılıb. Böyüklərdən ibarət komandaya baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 18 güləşçi cəlb olunub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edən gənclərdən ibarət yığmanın heyətinə isə 15 güləşçi qatılıb.
Bundan başqa, Bolqarıstan yığmasının üzvləri Leonid Bazan (74 kq) və dünya çempionu Mixail Qanev (97 kq), Belarus yığmasının üzvləri Olimpiya mükafatçısı Murad Qaydarov (86 kq) və dünya çempionu Aleksey Şemarov (125 kq), həmçinin Rumıniya güləşçisi Stefan Georgita (86 kq) da Xaçmazda yığma komandamızla birgə hazırlıq prosesində iştirak edir.
Qeyd edək ki, toplanış iyulun 20-dək davam edəcək.