Bu gün Boks Mərkəzində WSB (Ümumdünya Boks Seriyası) Liqasında Azərbaycanın "Baku Fires" və Özbəkistanın "Uzbek Tigers" klubları arasındakı döyüşdən öncə mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, jurnalistlərlə görüşə "Baku Fires"ın baş məşqçisi Nuripaşa Talıbov, qonaq komandanın baş məşqçisi Rövşən Xocayev və qarşılaşmanın supervayzeri Patt Fiakko (Kanada) qatılıb.
P.Fiakko ötən yay da Bakıda olduğunu, "Bakı 2015" I Avropa Oyunlarında iştirak etdiyini xatırladıb. O, 5 çəki dərəcəsində maraqlı mübarizənin şahidi olacaqlarını bildirib: "Bu görüşdə ən yaxşı, ən güclü boksçular döyüşəcək".
"Uzbek Tigers"in baş məşqçisi Özbəkistan komandasının WSB liqasına yeni qoşulduğunu söyləyib: "D qrupunda mübarizə aparacağıq. Bu qrupda bizdən başqa Azərbaycan, Qazaxıstan və Puerto Riko komandaları da olacaq. Bu səbəbdən düşünürəm ki, ən güclü qrup biz olduğumuzdur. Biz ilk görüşü 5:0 hesablı qələbə ilə başa vurduq. Bunu gözləyirdik. Çünki güclü toplanış keçmişdik. Kubadakı hazırlıq prosesində güclü rəqiblərlə qarşılaşmışdıq. Düşünürəm ki, boksda qələbəyə zəmanət vermək olmaz. Əksər çəkilərdə qalib gələ biləcəyimizə inanırıq. Qeyd etmək istəyirəm ki, bizim bu mövsüm üçün sifariş etdiyimiz ikinci heyətdir. Əsas boksçular Asiya Oyunlarına hazırlaşırlar".
N.Talıbov isə çətin döyüşün keçəcəyini deyib: "Özbəkistanda boksun ənənələri var. Belə rəqibə qaşrı mübarizə aparmaq çox xoşdur, çünki boksçu ən yaxşı görüşünü keçirməyə çalışır. Düşünürəm ki, azarkeşlər ən yaxşı döyüşləri görəcəklər. İlk qarşılaşmada Qazaxıstanın "Astana Arlans" klubuna səfərdə 1:4 hesabı ilə məğlub olmuşuq. Rəqib çox güclü idi. Görüşün nəticələri düzgün idi. Əbdülqədir Abdullayev və Albert Səlimov Macarıstana turnirə yollanıb. Onları hazırda heyətə salmağı düşünmürük. Ehtiyac olarsa, siyahıya Abdullayevi əlavə edərik. Ancaq mayda lisenziya xarakterli döyüşlər olacaq. Sabahkı döyüşdə aşkar favorit yoxdur. Kim güclüdürsə, o da qələbə qazanacaq. Heyətdə ciddi problemimiz yoxdur. Çəkilərdə rəqabətdə olan idmançılarımız da var. İstərdik ki, Vladislav Sirenkonu (+91 kq) saxlayaq. Gələcək üçün yaxşı olacaq. O, bizə əlavə güc qatacaq".
Daha sonra boksçuların çəki mərasimi keçirilib.
Komandaların heyətləri:
52 kq. Məhəmməd İbiyev – Abrorjon Kadırov
60 kq. Hasan Arsunkayev – Elnur Abdurraimov
69 kq. Yevgeni Ramaşkeviç – Dostonbek Turdiyev
81 kq. Mixail Dolqolivets – Şuxrat Abdullayev
+91 kq. Arslanbek Mahmudov – Sərdor Abdullayev
Qeyd edək ki, WSB Liqasının VI mövsümündə "Baku Fires" bütün ev döyüşlərini Bakıda keçirəcək.