
Azərbaycanın tanınmış sərbəst güləşçisi Cəbrayıl Həsənov karyerasını başa vurmaq barədə fikrini dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a 30 yaşlı idmançının özü məlumat verib.
O, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının vaxtının dəyişməsi ilə bağlı bu addımı atdığını bildirib: "Bu il Tokio olimpiadasında iştirak etdikdən sonra karyeramı başa vurmaq istəyirdim. Həmişə bizim istədiyimiz olmur. Olimpiadanın vaxtı dəyişdirildi. Əsas insanların sağlamlığıdır və ümid edirəm ki, bütün dünya tez bir zamanda bu virusdan xilas olacaq. "Tokio-2020"yə lisenziya qazanmaq və yarışda uğur əldə etmək niyyətindəyəm. Amma əlbəttə ki, yaş öz sözünü deyəcək. Buna baxmayaraq əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Cəbrayıl Həsənov 2010-cu ildə Bakıda, 2011-ci ildə Almaniyanın Dortmund şəhərində, 2019-cu ildə isə Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanıb. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.