
"Heydər Əliyev bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı".
Bunu Sportnet.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftəhəddinova Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.
Sidney-2000 Yay Olimpiya Oyunlarının stend atıcılığı üzrə qızıl medalçısı bildirib ki, dahi şəxsiyyətlə ilk belə görüş 1995-ci il martın 5-nə təsadüf edib: "Çox böyük tədbir idi. Həmin vaxt müxtəlif mükafatlar təqdim olunmuş, idmançılar təltif edilmişdilər. Mənimlə yanaşı, bir qrup idmançıya tərəqqi medalı verilmişdi. Bu cür dahi şəxsiyyətlə görüşmək, onun əlindən mükafat almaq tək idmançı yox, hər kəs üçün fəxrdir. Bu, biz idmançılara daha ciddi uğurlar qazanmaq üçün stimul verirdi. Görüş vaxtı uzun söhbət alınmadı. Çünki idmançılar çox idi. Məni təbrik etdi, uğurlar arzuladı. İdmançılar haqqında xoş sözlər işlətdi. Fəxr edirəm ki, ulu öndərlə görüşdüm".
Meftəhəddinovanın sözlərinə görə, Ümummilli Liderlə növbəti görüş 2000-ci ildə olub: "Sidney olimpiadasından əvvəl və sonra da bizi qəbul edib mükafatlandırdı. Həmin Oyunlarda Azərbaycan ilk dəfə stend atıcılığında təmsil olunurdu. Yolasalma mərasimində Heydər Əliyev dedi ki, bizim ilk məqsədimiz orada iştirak etməkdir. Qismət oldu, qızıl medal qazandım və uzaq Avstraliyada himnimiz səsləndi. Oktyabrın 18-də Umummilli lider idmançılarla görüş keçirdi, mənə də şöhrət ordeni verdi".
Olimpiya çempionu Heydər Əliyevin onun yaddaşında dahi şəxsiyyət kimi qaldığını söyləyib: "Bütün dünyada onu tanıyırlar, kifayət qədər hörməti var. Mənim üçün çox böyük insan idi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdandan sonra ölkəmiz inkişaf etməyə, çiçəklənməyə başladı. İdman da inkişaf yoluna qədəm qoydu. Ona görə də yaddaşımda əsl ölkə rəhbəri, dahi lider kimi qalıb. O, bizim Ümummilli Liderimizdir".
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ulu öndərin anadan olmasının 100 illiyi əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilib.