İspaniya "Sevilya"sının futbolçusu Kike Salas dələduzluq şübhəsi ilə saxlanılıb.
Sportnet.az "El Confidencial"a istinadən xəbər verir ki, müdafiəçi dostlarının pul qazanmaları üçün La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.
22 yaşlı oyunçudan əlavə, onun etibarlı çevrəsinə daxil olan 2 gənc də istintaqa cəlb olunub. Araşdırma ilə İspaniyanın qeyri-qanuni pul qoyuluşları üzrə polisi məşğul olur. Təhqiqat işi ötən mövsüm ölkə çempionatının sonundakı bir neçə matça şamil olunur. Salas 2023/2024 mövsümündə ümumilikdə 10 sarı vərəqə alıb ki, bunların da 7-si son 9 görüşə təsadüf edib.
Salas bu əməlinə görə altı aydan üç ilədək həbs cəzası ala bilər.
Qeyd edək ki, Kike Salas bu mövsüm "Sevilya"nın heyətində 16 matça çıxıb.