"Azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
24 yaşlı cinah müdafiəçisi matça yaxşı hazırlaşdıqlarını bildirib: "Rəqibi tanıyırıq. Bəzi oyunlarını izləmişik".
E.Cəfərquliyev qarşılaşmaya hazır olduğunu vurğulayıb: "Çox yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəyəm. Komandam üçün əlimdən gələni edəcəyəm".
Azərbaycan millisinin də üzvü olan oyunçu matçlarda qırmızı vərəqə almasına da münasibət bildirib: "Qırmızı vərəqələr almağıma səbəb çox istəkli və aqressiv olmağımla bağlıdır. Öz üzərimdə işləyirəm. Baş məşqçinin də mənə göstərişləri olub".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.