İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola və Kristina Serranın 30 illik nikahdan sonra boşanmalarının səbəbi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə İspaniya şou-biznesində etibarlı informasiya mənbəyi hesab olunan jurnalistlər Lorena Vaskes və Laura Fa, eləcə də Qvardiolanın adı açıqlanmayan yaxın dostu mətbuata bildirib.
Media nümayəndələrinin sözlərinə görə, 54 yaşlı baş məşqçinin "Mançester Siti" ilə yeni müqavilə bağlaması həyat yoldaşının onunla münasibətlərinə son qoymasına səbəb olub. Serra öz biznes maraqlarına köklənmək üçün 2019-cu ildə Mançesteri tərk edib və Barselonaya yollanıb. Lakin o, Qvardiolanın yanına müntəzəm olaraq gəlməyə çalışıb.
Ərinin 2027-ci ilədək yeni sözləşməyə imza atdığını bildikdə isə Serra münasibətlərə son qoymağı qərara alıb. Kristina ümid edirdi ki, Qvardiola əvvəlki anlaşması bitən kimi Mançesterdən ayrılacaq. Həmin vaxt əri bildirib ki, 4 ardıcıl məğlubiyyətin ardından klubu qoyub gedə bilməz.
İspaniyalı mütəxəssisin yaxın dostu isə hesab edir ki, cütlüyün bir-birindən məsafəcə uzaqlaşmaları onların münasibətlərinə də təsirsiz ötüşməyib: "Kristina Mançesterdən 5 il əvvəl gedərək, Barselonaya qayıdıb. Bu isə Xosepə təsir edib. O, əsl əməksevərdir. Ailə biznesi üzərində birgə işin olmaması da onların münasibətlərinə təsir göstərə bilər".
Qeyd edək ki, Xosep Qvardiola Kristina Serra ilə hələ 1994-cü ildən görüşməyə başlayıb. Həmin vaxt 23 yaşlı Pep "Barselona"da çıxış edir, 20 yaşlı Kristina isə ailəvi geyim mağazasında satıcı idi. Hazırda Serranın Barselona və Manresdə geyim mağazaları var. Cütlüyün Marius adında oğlu, Mari və Valentina adında qızları var. Onlar 20 illik birgə yaşayışlarını yalnız 2014-cü ildə rəsmiləşdirərək, nikaha daxil olublar. Həmin vaxt Mariusun 13, Valentinanın 6 yaşı var idi (teleqraf.com).