
“Çətin və yaxşı oyun oldu”.
Bunu Sportnet.az-a açıqlamasında “Şamaxı"nın futbolçusu Brahim Konate evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra deyib.
29 yaşlı yarımmüdafiəçi rəqibin lehinə təyin edilən penalti qərarının yanlış olduğunu söyləyib: “Oyuna yaxşı başlamadıq. Qol vurduqdan sonra toparlanaraq yaxşı çıxış etdik. Təəssüf ki, ikinci hissədə rəqib penalti vurdu. Məncə, penalti yox idi, amma hakimin qərarını müzakirə edə bilmərik".
O, növbəti turda “Sabah”a qarşı keçirəcəkləri oyun barədə danışıb: “Yaxşı oyun olacağına inanıram. Çempionatın son üç oyununda xal qazanmağa çalışacağıq”.
Konate başqa klublardan təklif almadığını da əlavə edib.
Qeyd edək ki, Brahim Konate cari mövsüm ərzində meydana çıxdığı 30 oyunda 9 qol müəllifi olub.
Haşım MƏMMƏDOV