
"Rəqib həm hücum, həm də müdafiə baxımından seçilmiş futbolçuları ilə qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
Azarkeşlər qarşısında utandıqlarını deyən 73 yaşlı mütəxəssisin fikrincə, 4-cü yer əldən getməyəcək: "Şansımızın "Qarabağ"dan asılı olduğunu deməyimin futbolçularda ruh düşkünlüyü yaratdığını düşünmürəm. Bu heyət avrokuboklarda oynamağa hazır deyil.
Əsas məsələlərdən biri budur ki, biz çox rahat toplar buraxırıq. Hücumçulardan Orxan Məmmədov zədələndi, ona görə dəyişdik. Ehtiyatda başqa hücumçumuz yox idi.
Ola bilsin, bu, bir az bəhanə kimi səslənsin. Amma Joarlem Suaresdə çatışmazlıq hiss olunur. Onun və Roderik Millerin daha hazırlıqlı olmaları lazımdır. Heyətin nə qədər dəyişməli olduğunu deyə bilmərəm, buna klub rəhbəri qərar verir. Güman edirəm, axtarışlar olacaq".
Berdıyev hakimlik barədə danışmaq istəməyib: "Gəlin, hakimliklə bağlı suala cavab verməyim. Çünki artıq çox şeyi başa düşə bilmirəm".