
"Hər iki hissədə meydanda maraqlı mübarizə var idi".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Tovuz şəhər stadionunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, komandası elitada yerini təmin etməsinə baxmayaraq, son iki gün ərzində kollektivlə söhbət aparıb: "Danışıqlarımız oldu ki, hər bir oyun futbolçu həyatında bir parçadır. Həmin o hissədə daha yaddaqalan olmaq, özümüzü maksimum müsbət tərəfdən göstərmək lazımdır. Sağ olsunlar, futbolçular yaxşı mübarizə apardılar. İkinci hissədə daha fərqli oynamağa çalışdıq və qələbə qazandıq. Bütün "Kəpəz" cameəsini, xüsusən də bizi sevən azarkeşlərimizi təbrik edirəm. Yerimizi daha da möhkəmlətmək üçün son iki oyunumuza da ciddi yanaşacağıq".
Bağırov komandasının motivasiyalı çıxışında həm Premyer Liqada qalmağı təmin etmələrinin, həm də yeni rəhbərliyin kollektivə təqdim olunmasının müsbət təsirini vurğulayıb: "Futbolçu üçün hər bir oyun onun reklamı, özünü yaxşı tərəfdən göstərməsi üçün fürsət deməkdir. Üstəlik, üzərimizdə psixoloji basqı da yoxdur. Ona görə də daha rahat oynadıq. İlk yarıda daha çox fərqlənə bilərdik".
Baş məşqçi özünün və futbolçuların komandadakı taleyinə yaxın vaxtlarda aydınlıq gələcəyini də diqqətə çatdırıb.