
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda baş vermiş kütləvi dava ilə əlaqədar cəzalarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 59-cu dəqiqədə baş vermiş münaqişənin səbəbkarı kimi "Turan Tovuz-2"nin futbolçusu Cavid Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb.
Ona 4 oyunluq cəza, klubuna 300 manat cərimə kəsilib.
63-cü dəqiqədə komandanın daha bir futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Turan Tovuz-2” 150 manat cərimə edilib.
83-cü dəqiqədə “Turan Tovuz-2”un daha bir futbolçusu Fərid Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya, klubu 50 manat cəriməyə məruz qalıb.
Ümumilikdə qarşılaşmada “Turan Tovuz-2”nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün klub daha 300 manat ziyana düşüb.
"Turan Tovuz-2" daha 400 manat cəriməni oyun bitdikdən sonra məşqçisi Ruslan Məmmədovun hakimləri təhqir etməsi səbəbindən ödəyəcək. Məmmədovun özünə isə 5 oyunluq cəza tətbiq olunub.
Klub 4 futbolçusu sarı vərəqə aldığı üçün isə 70 manat cərimə edilib.
“Neftçi-2” komandası isə eyni sayda futbolçusunun sarı vərəqə alması səbəbindən 70 manat cərimələnib.