
"Çox gərgin oyun keçdi. Liqa səviyyəsinin fərqi hiss olundu".
Bunu Spotnet.az-a açıqlamasında "Hypers Guba"nın futbolçusu Cavid İmamverdiyev I Liqaya yüksəlmək uğrunda "Difai" ilə keçirilən pley-off oyunundan sonra deyib.
35 yaşlı futbolçu 1:3 hesabı ilə məğlub olduqları oyunda komanda yoldaşlarının maksimum dərəcədə mübarizə apardıqlarını bildirib: "I Liqanın öz futbolçuları var. Bizə baxanda daha da tonusdadırlar, həmçinin təcrübəlidirlər. Artıq növbəti mövsümə hazırlaşacağıq. İstəyimiz gələn mövsüm üçün çempion komanda yaratmaqdır".
O, komandasının enişli-yoxuşlu mövsüm keçirdiyini söyləyib: "Xallar itirməməli olduğumuz oyunlarda xal itirdik. Bəlkə də heç pley-off oynamamalı idik. 13-14 futbolçu ilə maksimum nəticəni vermişik. Baş məşqçi, rəhbərlik və qubalı azarkeşlər bizə dəstək oldular. Onlara təşəkkür edirəm".
İmamverdiyev "Hypers Guba"nın ona doğma kluba çevrildiyini vurğulayıb: "Amma bir futbolçu olaraq təkliflərə açığam".
MƏMMƏDOV Haşım