
Rusiyanın MOİK komandasının baş məşqçi postuna namizəd göstərilən Matias Almeyda İspaniya təmsilçisi “Sevilya”nın "sükanı arxası"na keçməyə yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Sesar Luis Merlo “X” sosial şəbəkə hesabında paylaşım edib.
Merlonun məlumatına görə, tərəflər artıq bir neçə gündür danışıqların irəliləyiş mərhələsindədirlər. Yalnız bəzi detalları razılaşdırmaq qalır və Almeydanın “Sevilya”ya baş məşqçi təyin olunması gözlənilir.
Daha əvvəl mediada 51 yaşlı mütəxəssisin, vəzifəsini tərk etmiş Marko Nikoliçin yerinə MOİK-ə baş məşqçi postuna namizədi olduğu barədə xəbərlər yayılıb. Argentinalı mütəxəssis 2022 - 2025-ci illərdə Yunanıstanın AEK komandasına rəhbərlik edib.
Ötən mövsüm “Sevilya” İspaniya çempionatının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. 30 iyunda isə baş məşqçisi Xoakin Kaparrosun müqaviləsi başa çatır.
Qeyd edək ki, Rusiya MOİK-inin “sükanı arxası”na keçməyə namizədlərdən biri kimi “Sabah”ın baş məşqçisi Vasili Berezutski də göstərilir.