
"İlk matçda pis çıxış etmişdik, amma etiraf etməliyik ki, burada oynamaq asan deyil. Təbii ki, müəyyən çətinliklər var idi və nəticədə nə istədiyimiz oyunu göstərə bildik, nə də məqsədimizə tam çata bildik”.
Sportnet.az xəbər verir ki, bunu İrlandiya "Şelburn"unun baş məşqçisi Coy O Brayen Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında söyləyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, məğlubiyyətdə rəqibin güclü olması öz sözünü deyib: "Diqqətimizi tam olaraq bu oyuna yönəltmişdik, əsas məqsədimiz də məhz bu qarşılaşma idi. Amma onu da bilirik ki, həm Çempionlar Liqası, həm də Avropa Liqasında bizə düşə biləcək potensial rəqiblərin hər ikisi güclü komandadır. İlk oyunun ikinci hissəsində bir neçə real qol imkanımız olmuşdu. Bu görüşdə isə təəssüf ki, ilk hissədə buraxdığımız erkən qol oyun planımızı pozdu və rəqib bu üstünlüyü yaxşı dəyərləndirdi".
O Brayen bildirib ki, "Qarabağ"ın qrup mərhələsində oynamaq təcrübəsi var və kifayət qədər güclüdür. Lakin onun fikrincə, Azərbaycan təmsilçisini irəlidə asan rəqiblər gözləmir: "Qarşıdakı mərhələlərdə daha çətin oyunlar olacaq. "Qarabağ"ın potensialı hər kəsə məlumdur, onların böyük təcrübəyə sahib olduqlarını hamımız bilirik. Biz isə bu oyuna xüsusi
hazırlaşmışdıq lakin təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Bu səviyyədə olan komandalarla qarşı oynayarkən dəyişikliklər etmək o qədər də asan olmur".
Baş məşqçi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu çox hörmətli və təcrübəli mütəxəssis kimi dəyərləndirib. O bildirib ki, belə səviyyəli oyunlarda "Qarabağ"dan öyrənəcəkləri çox şey var: "Ən vacib dərslərdən biri də budur ki, bu tip komandalarla qarşılaşmalarda edilən ən xırda səhv belə qolla nəticələnə bilər".