
UEFA Superkuboku uğrunda oyun keçirilib.
Sportnet.az xəbər verir ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının qalibi olan Fransa PSJ-si Avropa Liqasının son sahibi İngiltərə “Tottenhem”i ilə qarşılaşıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Penaltilər seriyasında rəqibdən daha üstün olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. "Tottenhem" qələbəyə xeyli yaxın olub. London klubu sona yaxın 2 top fərqi ilə öndə olsa da, güclü rəqibinə qarşı üstünlüyünü qoruya bilməyib.
Matç İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tutub. Görüşün baş hakimi Joau Pedru Pineyru (Portuqaliya) olub. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim vəzifəsini icra edib.
Xatırladaq ki, ötən il UEFA Superkubokunu "Real Madrid" qazanmışdı. İspaniya klubu İtaliya “Atalanta”sına 2:0 hesabı ilə qalib gəlmişdi. “Kral klubu” ən çox - 6 dəfə UEFA Super Kubokunu qazanan komandadır.
-----------------------------------
Bu gün Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda gerçəkləşəcək qarşılaşmanın hakimlərindən biri azərbaycanlı FIFA referisi Elçin Məsiyev olacaq.
O, ölkə hakimliyi tarixində ilk dəfə belə bir mötəbər oyuna təyinat alıb.
PSJ 2024/2025 mövsümündə Çempionlar Liqasının, "Tottenhem" Avropa Liqasının qalibi olub. Lakin yay fasiləsində hər iki komandada dəyişikliklər baş verib.
PSJ-ni qapıçı Canluici Donnarumma tərk edibsə, "Tottenhem" baş məşqçi Ange Pestekoğlu ilə yollarını ayıraraq, bu vəzifəni Tomas Franka tapşırıb. Əfsanəvi futbolçusu Son Hın Min də London komandası ilə vidalaşıb.
İndiyədək keçirilmiş 49 Superkubok matçının 29-da Çempionlar Kubokunun / Çempionlar Liqasının qalibləri, 20-də Avropa Liqasının / UEFA Kubokunun sahibləri üstün olub.
Qeyd edək ki, mövcud qaydalara əsasən, oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşsa, əlavə vaxt təyin olunmayacaq və qalib birbaşa penaltilər seriyası ilə müəyyənləşəcək.
UEFA Super Kuboku
13 avqust
23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2 (penaltilərlə - 4:3)
Qollar: Li Kan İn, 85. Qonsalu Ramuş, 90+4 - Miki van de Ven, 39. Kristian Romero, 48
Baş hakim: Juan Pineyru (Portuqaliya)
Yan xətt hakimləri: Brunu Jezuş, Lusianu Maya (hər ikisi Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
VAR hakimi: Tyaqu Martinş (Portuqaliya)
VAR hakiminin köməkçiləri: Fabiu Oliveyra Melu (Portuqaliya), Pol van Bökel (Niderland).