
"Yaxşı nəticə əldə etmək istəyirdik. Amma futbolun yazılmamış qanunu işə düşdü. Hücumda olduğumuz vaxt əks-hücumda yaxalanaraq, 2 top buraxdıq".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis heyət və oyunla bağlı çatışmazlıqlarının olduğunu bildirib: "Çalışacağıq ki, bunları aradan qaldıraq".
O, kapitan Əli Səmədovun ehtiyatda qalmasına baxmayaraq, komandanın yanında olduğunu dilə gətirib. Şükürov bu halı normal dəyərləndirib.
Baş məşqçi "Kəpəz"in düzələcəyinə inam ifadə edib: "Sadəcə, komandanın uyğunlaşması üçün vaxt lazımdır".
Şükürov oyundan sonra yaşananlara da münasibət bildirib: "Kəpəz" azarkeşləri oyundan sonra məni yox, futbolçuları çağırırdılar, onlarla danışdılar. Biz isə fikirlərimizi toplayaraq, sizinlə bölüşmək üçün buraya gəldik".