
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçında mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Çempionatın ilk oyunları həmişə ağır, çətin keçir. Futbolçular böyük ustalıq, bacarıq, çempionatın favorit komandalarından birinə qarşı inamlı, baxımlı oyun nümayiş etdirdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Sadəcə, hesab 0:0 və 1:0 olarkən, çoxsaylı qol imkanlarını qaçırdıq. Rəqib standart vəziyyətdən yaxşı istifadə edərək, qol vurdu. Orada da zəncirvari çox kobud səhvlərimiz oldu. Amma ümumən, futbolçularımızın çıxışından, göstərdikləri oyundan çox razı qaldım. Bu oyunun üzərində bir az da işləyərək, təkmilləşdirərək, önümüzdəki turlara hazırlaşacağıq.
- Sizcə, bugünkü oyunun nəticəsinə hakimlik təsir etdimi?
- Belə suallar baş məşqçilərə çox verilir. Narazılıq nəticəyə təsir edən səhvlər olur, oturub onlara soyuq başla baxırıq və görürüksə, buna narazılıq demək olar. Amma oyun içərisində olan reaksiyalar, emosiyalar fərqli olur. Bəzən həqiqətən ciddi səhvə reaksiya veririk. Bəzən də gərginlik, emosiyalar, hər hansı dialoq və reaksiya olur. Amma ümumilikdə hakimlikdən narazı qalmadım. Sayılmayan qolumuzu bilmirəm necə "yorumladılar". Bu da səhv deyil, amma orada qayda pozuntusunun olub-olmadığını bilmirəm. Çünki Ayron Qomis top onun əlinə dəyəndə görmürdü. Başqa bir hakim səhvi yadıma gəlmir.
- Felipe Santosla aranızda yaranan gərginliyi necə şərh edərdiniz?
- Top əlimdə idi, sərt şəkildə götürdü. Götürəndə... Futboldur, açığı, şərh etmək istəmirəm. Çünki çempionatımızda bir çox komandalarla həmin oyunçu arasında belə gərginliklər olur. Bütün komandalara qarşı ilk dəqiqələrdən bunu edir. Olmayanlar sırasında bir mən idim, mənimlə də belə şey etdi. Xasiyyəti belədir, belə də qəbul etmək lazımdır.
Haşım MƏMMƏDOV