Azərbaycan Premyer Liqasında V tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyunu Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" və "İmişli" komandaları arasında keçirilib. Gənc referi Elvin Bayramovun idarə etdiyi görüş "İmişli"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolları Dioqo Almeyda 13-cü, Edvin Banquera 15-ci, Azər Salahlı 80-ci dəqiqədə vurub.
Bununla da xalını 7-yə çatdıran "İmişli" 5-ci pilləyə yüksəlib. 4 xala malik "Karvan-Yevlax" 9-cudur.
Günün növbəti matçı isə "Zirə" və "Şamaxı" arasında olub. Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 25-ci dəqiqədə qonaq komandadan Karim Rossi açıb. Baş məşqçi Rəşad Sadıqovun komandası Junior Martinsin 83-cü və 87-ci dəqiqələrdə fərqlənərək, geridönüş edib.
Bununla da "Zirə" xalını 11-ə çatdıraraq, vahid lider olub. 5 xala malik "Şamaxı" isə 6-cı pilləyə enib.
Azərbaycan Premyer Liqası, V tur
19 sentyabr (cümə)
16:00. “Karvan-Yevlax” – “İmişli” - 0:3
Qollar: Dioqo Almeyda, 13. Edvin Banquera, 15. Azər Salahlı, 80
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu
18:30. “Zirə” – “Şamaxı” - 2:1
Qollar: Junior Martins, 83; 87 - Karim Rossi, 25
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun qalan oyunları 20-21 sentyabrda keçiriləcək.
-------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında V tura 2 oyunla start veriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Şamaxı və Bakıda gerçəkləşəcək.
Əvvəlcə elitanın debütantları "Karvan-Yevlax" və "İmişli" komandaları Şamaxı şəhər stadionunda üz-üzə gələcək. Oyunu gənc referi Elvin Bayramov idarə edəcək.
Hər iki komanda ötən turu 0:3 hesablı məğlubiyyətlə başa vurub. "Karvan-Yevlax" ötən tur səfərdə "Şamaxı"ya uduzub. "İmişli" isə öz meydanında "Sumqayıt"ı 1:0 hesabı ilə yensə də, adı protokolda olmayan oyunçunu meydana buraxdığı üçün texniki məğlubiyyətlə üzləşib.
Hazırda bu komandalar hərəyə 4 xalla müvafiq olaraq, 8-ci və 9-cu pillələrdə qərarlaşıblar.
İndiyədək “Karvan-Yevlax” və “İmişli” Premyer Liqada qarşılaşmayıb.
Günün növbəti matçı isə "Zirə" və "Şamaxı" arasında olacaq. Hazırda bu komandalar da turnir cədvəlində qonşu mövqedədirlər. 4-cü yerdə gedən "Zirə"nin 8 xalı, 5-ci pillədəki "Şamaxı"nın 5 xalı var. Komandaların baş məşqçiləri hazırda Azərbaycan millisinə rəhbərlik etməyə əsas namizəd sayılan Rəşad Sadıqovla Ayxan Abbasovdur. Daha bir maraqlı məqam odur ki, Abbasov vaxtilə "Zirə"də çalışıb və komandanı avrokuboklara çıxaran və debütdəcə Avropa Liqasında mərhələ adlayan ilk baş məşqçisi olub.
Bu komandalar indiyədək çempionatda 35 dəfə üz-üzə gəliblər. Oyunların 15-də "Zirə", 7-də "Şamaxı" qalib gəlibsə, 13 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qartallar" öndədir - 46:31.
“Zirə” "Şamaxı" ilə son üç oyunda qələbə qazanıb. Son iki görüşün hərəsində üç qol vurulub.












































































