Elşən MƏMMƏDOV
MDB Oyunlarında Azərbaycan U-16 yığması üçün ən uğurlu püşk düşmüşdü. Təsəvvür edin ki, Rusiya, Belarus və Özbəkistan kimi yığmalar fərqli qrupa düşür, sən isə oynayırsan kimlərlə? Qırğızıstan və Tacikistanla.
Qrupdakı oyunlarda bir rəqibini çətinliklə, digərini asanlıqla udub düşürsən finala. Burada isə Rusiya ilə oyunda 2:0 hesabı ilə öndə olduğun hada, 4 dəqiqəyə 3 top buraxıb uduzursan.
Nə hakimin azərbaycanlı olması sənə kömək edir, nə də onun rus futbolçuya qırmızı vərəqə göstərərək, onları azlıqda qoyması.
Elə isə Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyevin və final oyunu gedə-gedə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin "qızıl medal alacağıq" vədi necə oldu?
Hələ turnirin püşkü atılanda bilinirdi ki, əsas hazırlıq Rusiya ilə oyun üzərində qurulmalıdır. Çünki Qırğızıstan və Tacikistan digər qrupdakı komandalardan xeyli zəif idilər. Bunu 3-cü yer uğrunda görüşdə Belarusun Tacikistanı 2:0 hesabı ilə yenməsi də təsdiqləyir.
Sərxan Hacıyev də deyir ki, AFFA prezidenti Rövşən Nəcəf hazırlıq prosesi barədə müəyyən tapşırıqlar verib. Millimiz beləmi hazırlaşmışdı? Tapşırığı beləmi icra edirlər?
Görünən budur ki, U-16 MDB Oyunlarına qarşısına qoyulan hədəfə uyğun ciddiyyətlə hazırlaşmayıb. Əks halda, Rusiyanın olduğu yarışda qızıl medal hədəfi çox utopik, avantürist görünür.
Səbəb ya budur, ya da Aqil Nəbiyevin bir əldə saxladığı ikinci komanda - U-17-nin tezliklə qatılacağı Avropa çempionatının seçmə mərhələsinə də diqqət ayırması.
Əlbəttə, Rusiyanı udmaq üçün Azərbaycan millisindən böyük qəhrəmanlıq, fədakarlıq tələb olunurdu. Çünki kağız üzərində də rəqib favorit sayılırdı. Amma reallıqda rəqib 0:2 hesabı ilə geridə olduğu halda, geridönüş edir və azlıqda qaldığı halda, qələbəni qoruyur. Bu isə nə qədər istəməsək belə, əzmkarlıq və fədakarlığın məhz rəqibə məxsus olduğunu göstərir.
Belədə Aqil Nəbiyev və Sərxan Hacıyevin qızıl medaldan dəm vurması söz və əməlin üst-üstə düşməməsinin göstəricisi deyilmi?
FIFA İcraiyyə Komitəsinin artıq 2016-cı ildə FIFA Şurası ilə əvəzləndiyini bilməyən Rövşən Nəcəf və AFFA-nın digər rəsmilərindən bundan başqa nə gözləmək olar?