Azərbaycan Premyer Liqasının bu mövsümü artıq təkcə futbol yox, hakim qərarlarının diktə etdiyi yarış təsiri bağışlayır. Və bunun məsuliyyəti birbaşa AFFA və onun Hakimlər Komitəsinin üzərinə düşür.
Elə sonuncu nümunəyə – "Kəpəz" - "Sumqayıt" oyununa nəzər yetirək. Sayılmayan təmiz qol, ardınca isə cəmi bir neçə dəqiqəyə verilən iki penalti, üstəlik oyundan sonra belə birtərəfli qərarların səbəbini soruşan Saşa İliçə qırmızı vərəqə. Bunlar artıq təsadüf deyil, oyunun taleyinə birbaşa müdaxilədir.
Əlavə olaraq, həmin oyunda diqqət çəkən digər məqamlar da var: “Sumqayıt”ın qolunun qeydə alınmaması ilə yanaşı, rəqibin xeyrinə 5 dəqiqə ərzində ardıcıl iki penalti qərarı verilməsi balansı tam pozdu. Üstəlik, əslən gəncəli baş hakim Əli Əliyevin "Kəpəz"in oyununa artıq 5-ci dəfə təyinat alması bu cür qərarlar fonunda əlavə suallar doğurur və qərəz şübhələrini daha da gücləndirir.
Amma məsələ yalnız “Sumqayıt” deyil. Bu mövsüm kim narazılıq etməyib? "Neftçi" və "Turan Tovuz" rəsmi şəkildə şikayət edib – bunu AFFA-nın öz nümayəndəsi Bəhruz Teymurov etiraf edib. Bundan əlavə, "Qarabağ", "Qəbələ", "Araz-Naxçıvan", "İmişli", hətta özlərinə yaxın sayılan "Sabah" belə müxtəlif vaxtlarda hakim idarəçiliyindən narazı qalıb.
Bu qədər klub eyni şeyi deyirsə, problem artıq “epizod” deyil, sistemdir.
Bəs bu sistem necə işləyir? Çox sadə: hər turdan sonra mübahisəli qərarlar “izah olunur”. Amma bu izahların heç birində sabitlik yoxdur. Eyni epizod bir oyunda qayda pozuntusu sayılır, digərində yox. Bir yerdə penalti verilir, başqa yerdə verilməyən eyni vəziyyət “davam” kimi qiymətləndirilir. Nəticə isə dəyişmir – hansı qərar verilibsə, sonda hakim haqlı çıxarılır.
Hərdən araya salıb Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu, İnqilab Məmmədov, Nicat İsmayıllı kimi beynəlxalq dərəcəli hakimləri haqsız çıxararaq, bir neçə oyunluq cəza tətbiq etməklə, məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Yanlış qərarlara yol verən bu adlar arxasında gizlənmək problemi həll etmir. Əksinə, sistemdəki çatları daha da aydın göstərir.
Artıq səhv çıxarma limiti də tükənib. Beləliklə, mübahisəli epizodların izahı açıq şəkildə bəraət mexanizminə çevrilir. Daha təhlükəlisi isə odur ki, bu qədər səhv və qərəzli görünən qərarların məsuliyyəti heç vaxt sistemin üzərinə götürülmür. Günah ya epizodun “çətinliyinə”, ya da aşağı səviyyəli hakimlərin üzərinə atılır. Halbuki bu qədər ardıcıl problem varsa, bu, artıq fərdi yox, struktur böhranıdır.
Bu, nəinki çıxış yolu deyil, əksinə, sistemin özünü vurmaqdır. Çünki problem yuxarıdadırsa, aşağıdakını dəyişməklə heç nə düzəlmir.
Bu gün artıq məsələ “Sumqayıt”ın, “Neftçi”nin və ya başqa bir klubun haqqı deyil. Məsələ Azərbaycan futbolunun özüdür. Eyni ssenari - səhv qərarlar, ziddiyyətli izahlar, dəyişməyən nəticələr davam edəcəksə, bu çempionatın idman prinsiplərindən danışmaq çətin olacaq.
AFFA və onun Hakimlər Komitəsi anlamalıdır: bu, tənqid yox, siqnaldır. Bu siqnalı yenə qulaqardına vurmaq olar. Amma nəticəsi dəyişməyəcək – inam daha da azalacaq.
Və inam itəndə, futbol da mənasını itirir.












































































