
"Oyunun çətin keçəcəyini öncədən bilirdik. Rəqibin görüşə necə ciddi hazırlaşdığını da gördük".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov səfərdə Fransaya 0:3 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə qrup matçından sonra deyib.
44 yaşlı mütəxəssis rəqibin yüksək ustalığı qarşılığında komandasının əzmkarlıq göstərdiyini bildirib: "İlk dəqiqələrdən azarkeşlərinin dəstəyi altında rəqibin pressinqinə hazır idik. İlk yarının uzatma dəqiqələrindən birincisinin tamamında top buraxdıq. Bir dəqiqə də dözə bilsəydik, ikinci hissədə onlar daha da üstümüzə gələcəkdilər. Hazırda əzmkarlıq və istək bizim üçün çox vacibdir. Bunlar olduqdan sonra gələcəkdə daha rahat olacaq. Belə komandalarla oyunlarda təcrübə yığmaq lazımdır. Çünki Fransa top-komandadır. Bugünkü əzmkarlığa görə futbolçularıma təşəkkür etmək istəyirəm".
Onun fikrincə, ikinci qolun vurulması ilə nəticələnən standart vəziyyət zamanı daha diqqətli olmaq mümkün idi: "Düzdür, rəqibin başqa epizodları da oldu. Amma o epizodlarda daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən nəticə çıxaracağıq".
Baş məşqçi Mahir Emrelinin formada olmaması səbəbindən millinin hücumlarının alınmadığına dair iddialarla razılaşmayıb: "Hücumların alınmaması Mahirlə əlaqədar deyildi. Bu, rəqibə görə idi. Onlar imkan vermirdilər, Emreli isə irəlidə tək qalanda çətinlik çəkirdi. Məncə, o, son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi. Meydanda əzmkar idi. Pis təsir bağışlamadı, ona dəstək olmalıyıq. Çünki hücum xəttində futbolçularımız az oynayırlar. Məncə, Mahir bu gün maksimum çalışdı ki, kömək etsin".
O, Emrelinin gec əvəzlənməsinin səbəbini belə izah edib: "İlk əvəzetmə edənədək fikirləşirdim ki, daha 5 dəqiqə bu heyət oynaya bilər. Amma Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə iki futbolçunu çıxartmaq istəmədik. Çünki biz Emrelidən sağ cinahda da istifadə etmişik. Həmin cinahda meydana buraxdığımız Toral Bayramov isə elə oyunçudur ki, hər mövqedə çıxış edə bilər. Amma istədiyimiz kimi olmadı və daha erkən əvəzetməyə getdik. İkinci qol epizodunda hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Əvəzetməmiz də hazır idi. Lakin o dəqiqədə qol oldu. Rahil Məmmədovun meydana girərək, o cinaha bağlanması vacib idi. Çünki rəqib o cinahdan çox gəlirdi. Bu hücumlara hazırlaşmışdıq. Çünki bizdən əvvəlki oyunlarda da Ukrayna və İslandiya da müdafiə olunmuşdu. Rəqibdə görüb hazırlaşdığımız hücumlar yenə olurdu. Amma əlbəttə, 90 dəqiqə boyunca hücumların qarşısını almaq olmur".
Baş məşqçi Abdulah Xaybulayevin çıxışından razılıq ifadə edib: "Xaybulayev bu gün meydanda ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb hücuma çıxmalı idik. Bilirdik ki, rəqib orta sahədə pressinqlərlə çətinlik yaradır. Əvvəlki oyunlarda vurduqları qollar topu mərkəzdə aldıqdan sonra əks-hücumlarda baş verirdi. Təcrübə gəldikcə, daha yaxşı olacaq. Əsas odur ki, istəyi var, əzmkardır. Buna sevinirəm. Durumu normaldır. Yəqin ki, iki günə bərpa olunacaq".
Abbasov Fransa millisinin kapitanı Kilian Mbappe barədə də fikirlərini bölüşüb: "Bir şeyi deyim ki, o qolu yalnız Mbappe vura bilərdi. Çünki elə ustalıq səviyyəsi və o sürətlə ropu uzaq küncə göndərdi. İnanın ki, futbolçularımız onun qarşısını almaq üçün maksimumu etdilər. Amma elə bir futbolçunun qarşısını almaq da çətindir. Birinci hissə qolsuz heç-heçə ilə yekunlaşsaydı, ikinci hissə bizim üçün daha asan ola bilərdi. Bəlkə də rəqib böyük təzyiq edəcəkdi. Bilmək olmaz, bu gün futbolda hər şey olur. Amma biz inanırdıq. Ən əsası, komanda mübarizə aparacağına inanırdı. Hazırda bu, bizim üçün vacibdir".
O, Azərbaycan millisini oktyabrın 13-də Ukraynaya qarşı daha çətin qarşılaşmanın gözlədiyini açıqlayıb: "Gələn oyunda rotasiyalar, dəyişikliklər də edəcəyik. Çünki digər futbolçularımız da hazırdırlar. Növbəti matçda bu görüşlə müqayisədə fiziki cəhətdən çətinliklərimiz olacaq. Heyətimiz genişdir. Hələ 2 gün vaxtımız var, çalışacağıq ki, bərpa olunaq. Milli komanda olaraq, qısamüddətli fasilələrlə oynamağa məcburuq. Futbolçular da buna öyrəşməlidirlər. Rəqibimiz isə ağır İslandiya səfərindən qayıdacaq. Futbolçularımızla psixoloji söhbət də aparacağıq".
Yeni baş məşqçi milli komandalarda vahid sistemin olmasının vacibliyinə diqqət çəkib: "Özümdən əvvəlki baş məşqçi və sistemi barədə danışmaq çətindir, mənim üçün düzgün olmaz. Amma mən millidə olmayanda da belə suallar olurdu və önəm verəcəyimiz mövzudur. Söhbət təkcə əsas millidən getmir. Futbolumuzun bir səviyyəyə çatmasını istəyiriksə, mütləq bir sistem, fəlsəfə olmalıdır. Bu yöndə rəhbərliklə söhbətlərimiz olub. Yəqin ki, alınar. Səmimi sözümdür: İndiyədək 3 məşq, iki oyunumuz olub. Böyük potensiala malik futbolçularımız var və inanıram ki, özümüzə yaxın futbolçularla başabaş oynamaq iqtidarındayıq".