
"Gərgin oyunun olacağını bilirdik. Futbolçularımızda yorğunluq var idi. Hətta dünən çox qayğılı olduq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov səfərdə Ukraynaya 1:2 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis komandasının xarakter göstərdiyini bildirib: "İlk olaraq, onlara təşəkkür etmək istəyirəm. Çünki üç gündən bir iki böyük komandaya qarşı oynamaq çox vacib idi. Bu, gələcəyimiz üçün önəmlidir. Futbolçularımızdan inamlı, istəkli və qələbə qazanmaq üçün rahat olmalarını istəmişdik. Məncə, bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalı idik. Amma oyunun ilk 10-15 dəqiqəsi bizim üçün həqiqətən də çətin keçdi. Bilirdik ki, onların azarkeş dəstəyi olacaq, qələbə qazanmaq istəyirlər. Oyunun əvvəllərində Nəriman Axundzadənin təkbətək epizodunu dəyərləndirsəydik, nəticə tam başqa cür ola bilərdi. Çünki belə komandalarla oyunlarda epizodlar az olur. Futbolçularımın inamlı olmaları bizi razı saldı. Gələcəyə nikbin baxırıq. Bu komandanın potensialı var. Ruh və istək olanda nəticə də gələcək. Son iki ev oyunumuza hazırlaşacağıq və çalışacağıq ki, xallarımızı artıraq, futbolçularımızı qazanaq".