“Əvvəlcə bizi dəstəkləmək üçün arenaya gələn azarkeşlərimizə təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Danimarka yıması ilə keçirilən yoldaşlıq oyunları barədə Azərbaycan millisinin üzvü Fərid Abbasov azfutzal.az-a açıqlama verərkən deyib.
O bildirib ki, iki qarşılaşma bir-birindən fərqli alınıb: "Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətimizə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandır".
Abbasovun sözlərinə görə, baş məşqçi Yevgeni Kukseviç bu oyunu analiz edərək, səhvləri göstərib və ikinci oyun üçün təlimatlarını verib: "Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı. Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim".
Milli üzvünün fikrincə, bu qələbə gələcək oyunlar üçün açar olacaq: "Əsas odur ki, özümüzə inanaq və çox çalışaq”.
Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, 2 gün sonra - yanvarın 24-də isə baş tutan matçda Azərbaycan millisi 4:2 hesabı ilə qalib gəlib.
















































































