“Qurban Qurbanov gənc baş məşqçi idi və o vaxtlar yerli mütəxəssislərə böyük hörmət göstərilmirdi”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev "The Guardian" nəşrinə açıqlamasında deyib.
Bütün futbolçu karyerasını Ağdam komandasında keçirən və 2024-cü ildə karyerasını başa vuran Maksim Medvedev bildirib ki, həmin dövrdə klubdan gözləntilər indiki ilə müqayisədə xeyli daha aşağı idi: “Lakin qısa zamanda anladıq ki, o, əla məşqçidir. İlk mövsümdə kuboku qazandıq, ardınca Avropa Liqasının təsnifat mərhələsində Norveç "Rusenborq"unu məğlub etdik. Məhz bundan sonra bu böyük macəra başladı”.
Qurbanovun futbol fəlsəfəsindən danışan Medvedev qeyd edib: “Biz heç vaxt ulduz futbolçular transfer etməmişik. Qurbanov üçün bütün oyunçular bərabərdir. O, intizamlı və tələbkardır, eyni zamanda çox ədalətlidir. O, bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur. Məqsədimiz oyuna nəzarət etmək və mümkün qədər çox qol vəziyyəti yaratmaq idi. Heç vaxt səhv etməkdən qorxmamışıq”.
Qurbanov ilk çempionluğunu 2014-cü ildə qazanıb. Bundan sonra isə “Qarabağ” son 11 mövsümün 10-da Azərbaycan çempionu olub və avrokubokların əsas mərhələlərinin daimi iştirakçısı kimi özünü təsdiqləyib.
Qeyd edək ki, “The Guardian” 2008-ci ildən “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanovun bu müddət ərzində dünyanın “ən uzunömürlü elit baş məşqçilərindən biri”nə çevrildiyini bildirib.
















































































