Mehman Rəsulov: "Səhvim olanda, qıpqırmızı üzümə desinlər…”
Ad günlərində "11-lik” rubrikamın növbəti qonağı adaşım, "Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mehman Rəsulovdur. Məndən 5 yaş kiçik olan Mehmanın bu gün 32 yaşı tamam olur. Belə götürəndə, idman mətbuatımızda Mehmanlar elə özümüzük. Uzun illər mən tək oldum, 2007-ci ildə Rəsulovun gəlişindən, ANS-də işə başlamasından sonra ikimiz. Bəs görəsən, bir Mehman o biri Mehmanın "11-liy”ə nə cavab verəcək?
"Ad günümdə mənə kitab bağışlayan olsa, sevinərəm"
1. Mən bir Mehman olaraq adımın mənasına uyğun həm qonaq getməyi, həm də qonaq qəbul etməyi sevirəm. Bəs adaşım hansına üstünlük verir? Ümumiyyətlə, ad günlərində xüsusi gözlədiyin qonağın, təbrikin olurmu?
- Qonaq getmək, ya da qəbul eləmək, o qədər fərq eləmir. Əsas odur ki, ürəyin istəyən qonaq gəlsin ya da ürəyin istəyən yerə qonaq gedəsən. Məsələn, adaş, elə sənin təbrikini xüsusi gözləyirdim (gülür). Hədiyyə məsələsinə önəm vermirəm. Amma məsələn, kitab bağışlayan olsa, sevinərəm.
2. Mehman Rəsulovun idman mediasında olduğu bu 9 il müddətdə ən böyük qazancı nə olub?
- Vallah, vaxt itirməkdən çox qorxuram. Allah belə itkidən qorusun. Dostlar qazanmışam. Özümü qazanmışam. Belə götürsək, mayası çıxıb (gülür).
3. Sənin hazırcavablığın, cavablarının tutarlı olması diqqətimi çəkib. Bu xüsusiyyət ANS-dən tanıdığım həmkarlarımda da özünü göstərir. Bunda ANS məktəbinin rolu nə dərəcədir? Ümumiyyətlə, ANS-nin həyatında, karyeranda rolu…
- ANS məktəbdir. Amma məktəbi yaxşı qiymətlə bitirmək hərənin özündən asılıdır. O məktəbdə öyrəndiklərim də olub, unutduqlarım da. Hazırcavablığa gəlincə, nə bilim, mənbəyini mən də tapmamışam. Müşahidəni sevirəm, bəlkə ordan cücərib. Həm də cavab qarşındakının mədəsinə görə olmalıdı. Yoxsa həzmi çətin olur.
"Məni bu vəzifəyə təyin edəndə təbii ki, Gündüzlə halallaşdıq"
4. ANS-də 3 oyun şərh etmisən – Avropa Liqasında "Minsk” – AZAL (2:1) və "Makkabi” – "Xəzər Lənkəran” (3:1) və Azərbaycan-Hondurus (0:0) yoldaşlıq görüşü. Şərhçi olduğunun matçlarda özünü necə hiss edirdin? Yeri gəlmişkən, bu oyunların heç birində qalib gələ bilməməyimiz səndə nə dərəcədə ruh düşkünlüyü yaratdı?
- Qalib gələ bilmədiyimizə fikir verməmişəm. Niyə ruhdan düşüm ki? Məni şərhçi təyin edəndə demirdilər ki, bu komanda mütləq udmalıdır. Yəni mən oyun haqqında danışıram. Əgər oyun mənim haqqımda danışsaydı, onda hə, sən deyəndir. Əlqərəz, ruhum düşüb eləməyib. Bir yatanda çıxıb gedir, o da mən oyanana kimi qayıdır. Qoy, gəzsin, bəlkə daha məsləhətli vücud tapdı yaşamağa. Yatmaq demiş, yadındadı? Dubayda milli komanda ilə səfərdə idik. Siz getdiniz "Bürc Xəlifə”ni görməyə. Mən dedim ki, oteldə qalıb yatıram. Bax, onda ruhum sənin bədəninə getdi, ora gəldi. Həm ruhum gəzdi, həm də bədənim yatdı. Zarafat edirəm, amma yuxu üçün həqiqətən ölürəm.
5. Gündüz Abbaszadəylə (Gündüz Abbaszadə) uzun illər tandem təşkil etdin. Həm ANS-də, həm də "Neftçi”də rəhbərliyi altında işləmisən. Gündüz necə müdir idi? Ümumiyyətlə, ondan necə faydalana bildin?
- Gündüzlə müdir-işçi münasibətim olmayıb. Həm ANS-də, həm də "Neftçi”də uzun müddət birgə işləmişik. İndi də yaxşı münasibətimiz var. Faydalanmaq məsələsi belədir ki, hər insan bir-birindən faydalanmalıdır. Əlbəttə, Gündüzdən faydalanmışam. İndi birgə çalışdığım iş yoldaşlarımdan da nəsə öyrənirəm, faydalanıram.
6. Gündüzün gedişindən sonra onun vəzifəsinə keçmək nə dərəcədə asan və çətin idi? Ona zəng edib halallıq almağı vacib saydınmı?
- Biz bir-birimizi çoxdan tanıyırıq. İncimək və küsmək kimi anlayışlarla oturub-durmayacaq qədər böyümüşük. Bax, 32 yaşım tamam oldu, amma bu sayda ağzımda dişim qalmayıb. Qocalırıq adaş, qocalırıq. Təbii ki, halallaşdıq. Münasibətimiz yaxşıdır, hər ikimiz belə məsələlərə peşəkar yanaşırıq.
"Neftçi"nin mətbuat xidmətində özümü rəhbər hesab etmirəm"
7. Məlumdur ki, "Neftçi” kimi tarixi klubun mətbuat xidmətinin rəhbəri olmaq nə qədər şərəfli vəzifə olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyətdir. Reallıq belədir ki, xüsusi diqqət mərkəzində olan "ağ-qaralar” idman mətbuatının təndiqinə daha çox məruz qalır. Buna görə vəzifəyə keçməyə tərəddüd etmədin ki? Özün rəhbər olandan sonra iş strukturunda hansı dəyişiklər etməyi vacib saydın?
- Mən bizim şöbədə özümü rəhbər hesab etmirəm. Səmimi sözümdür. İstəyirəm ki, əməkdaşlarla aram tam açıq olsun. Səhvim olanda, qıpqırmızı üzümə desinlər. Güzəşt etməsinlər mənə. Niyə də etməlidirlər ki? Tənqid məsələsinə gələk. Biz hələ heç nə etməmişik. Çox iş görməliyik. Tənqid də olunmalıyıq. Belinski olmasaydı, Allah bilir 19-cu əsr rus ədəbiyyatı hansı səviyyədə olardı. Adam tənqid edə-edə vərəmlədi, amma bəşəriyyətə adlar bəxş etdi. İş strukturunu dəyişmədim. Sadəcə, otağın pəncərəsini açdım, hava dəyişdi. Təbiət özü nizamladı. Mən həm idman mətbuatında, həm də klubda işləmişəm. Sözsüz ki, sırf olaraq jurnalist işləməklə mətbuat xidmətində çalışmaq fərqlidir. İkisi də həm çətin, həm də məsuliyyətlidir.
8. Mehman Rəsulov futbol sahəsində yox, "Arzuların ardınca” filminə ssenari yazandan sonra daha çox məşhurlaşdı, ondan çoxlu müsahibələr götürüldü, şou-biznesin də diqqət mərkəzində oldu. Bu, səndə hansı hisslər doğurdu? Bəlkə futboldan daha prestijli olduğundan, burada qalıb çalışmaq daha yaxşı olardı?
- Film doğrudan da yaxşı qarşılandı. Nə deyim? Sevindim belə olmağına. Amma şou biznes mənlik deyil. Məşhurlaşdım deməzdim. Açığı, can atmıram belə şeylərə. Mən yazmağı sevirəm. Futbolda oldum-olmadım, yazacam. Mənə uğur gətirsə, lap əla. Gətirməsə, deməli, qələmim pisdir, təzəsini almaq lazımdı.
"Çingiz Abdullayevlə söhbətimdə ədəbiyyat mövzusunu acacağam"
9. Məlumdur ki, atan xərçəng xəstəliyindən vəfat edib və ssenari müəllifin olduğun filmin qəhrəmanı da bu xəstəlikdən əziyyət çəkir. Buna tutulan insana necə mənəvi kömək etmək olar? Necə düşünürsən, bu amansız xəstəliyin əsas səbəbləri və müalicəsi nə vaxtsa tapılacaqmı?
- Xərçəng ölümə aparan cığırlardan ən enlisidir bu gün. Çarəsi tapılsa, yaxşı olar. Amma inan ki, insan ölmək üçün başqa xəstəlik axtarıb tapacaq. Atam mənim müəllimim idi. Onun kimi ata ola bilsəm, çox sevinərəm. Axirətdə onunla görüşməyi çox istəyirəm.
10. Mənə görə filmə çox gözəl ad seçilib – Arzuların ardınca. Bəs Mehman Rəsulov həyatda hansı arzuların ardınca getmək istəyir? By arzular arasında növbəti filmlərı ssenari yazmaq varsa, inşallah, bunların nə vaxt həyata keçəcəyini görə bilərik?
- Dediyim kimi yazıram. İnşallah, qismət olsa, film də çəkilər. Bir-iki arzum var, amma olan iş deyil. Məsələn, Vivaldini canlı görmək, Çaadayevlə söhbət eləmək. Amma reallığa yaxın arzum odur ki, yaxşı insan kimi xatırlanım haçansa. Nəsə bir əməlim olsun ki, insanlara faydası dəysin.
11. Tanınmış yazıçımız Çingiz Abdullayevlə səni təkcə "Neftçi” yox, həm də yazarlıq birləşdirir. Səncə, bu amilin, Çingiz müəllimə yaxın olan bir sahədə özünü sınamağın indiki vəzifəyə təyinatında az da olsa rol oynadımı? Abdullayevlə yazarlıqla bağlı söhbətləriniz, müzakirələriniz yəqin ki olub. O, bir təcrübəli yazıçı kimi sənə hansı məsləhətləri verib?
- Təyinatımın cızma-qaralarıma dəxli yoxdur. Çingiz Abdullayevin əsərlərini oxumuşam. Təbii ki, hamısını yox. Ondan başqa Ceyms Hedli Çeys, Aqata Kristi, Edqar Allan Ponun əsərlərini də vərəqləmişəm. Açığı, bu mövzuda geniş söhbətimiz olmayıb. Fürsət axtarıram, münasib imkan düşən kimi, ədəbiyyat mövzusunu açacam.
Mehman SÜLEYMANOV