1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Kəpəz”in kubokdan çıxması işinə necə yaradı?
Azərbaycan kubokunun final oyunlarının coğrafiyası genişlənir. Sportnet.az-ın məlumatına görə, milli çempionatımız kimi 1992-ci ildən keçirilən ölkə kuboku artıq Bakıdan kənara çıxıb və ardıcıl 2-ci ildir əyalətdə keçiriləcək.
Ötən mövsüm Qəbələ, bu il isə Gəncə final oyununa ev sahibliyi edəcək.
Azərbaycan kubokunun finallları indiyədək əsasən Bakıda, 1 dəfə - Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib. Paytaxtda indiyədək olan 20 finaldan 18-i Tofiq Bəhramov adına Respublika stadionunda, 1-i "Şəfa”da (indiki "İnter Arena”), 1-i "Dalğa Arena”da keçirilib. Gəncə finalı qəbul edəcək 4-ü şəhər, onun mərkəzi stadionu isə 6-cı stadion olacaq.
Belə gedişlə növbədə Lənkəran, "Fırtınalar meydanı” durur. Əslində, həlledici matçların paytaxtdan kənara çıxması təqdirəlayiq haldır. Onsuz da Premyer Liqamız daha çox paytaxt klublarından ibarətdir və bu turniri əbəs yerə hətta Bakı birinciliyi adlandırmırlar. Belə olan halda, güclülər dəstəsində təmsil olunan azsaylı əyalətlər finalı qəbul etməklə futbol bayramı yaşayırlar. Təbii ki, bu zaman öz doğma komandanın həmin həlledici oyunun iştirakçısı olmayacağı ilə əvvəldən barışırsan. Çünki final əyalət komandasının meydanında keçirilə bilməz.
Elə "Kəpəz”in kubokdan kənara çıxması da finalın məhz Gəncəyə salınmasında az rol oynamadı. Şahin Diniyevin komandası 1/8 finalda çempionatın autsayderi "Xəzər Lənkəran”a gözlənilməz uduzaraq mübarizədən kənar qalanda Gəncə azarkeşləri çox məyus oldular. Axı ölkə kuboku avrokuboklara gedən ən qısa yoldur və iki şansdan biri əldən çıxanda bütün diqqətini çempionata yönətlməlisən. Burada isə mükafatçılar sırasına düşmək şərtdir. Dördüncü yeri tutub Avropa Liqasına yollanmağın üçün gümüş və bürünc medalçının kubokun qalibi olması vacibdir.
İndi Gəncə futbolsevərləri AFFA-nın Klublar Komitəsinin iclasında qəbul olunan qərarla həm "Kəpəz”ə görə təsəlli tapır, həm də finalın Nizami yurdunda keçirilməsinin sevinci yaşayırlar. Burada isə əsas məqam Gəncədəki arenanın təmir edilməsi ilə bağlıdır. Qərar da ilk növbədə buna görə verilib. Hələ SSRİ dövründə inşa edilən Gəncə şəhər stadionunun həm ot örtüyü, həm də oturacaqları pis vəziyyətdədir. Arenanın kompleks şəklində təmirə bağlanması "Kəpəz”in cari mövsümün sonunadək ev oyunlarını başqa yerdə keçirməyə sövq edir. Bu, cari çempionatda azarkeş sayına görə aşkar rekordçu olan Gəncəni bir qədər geri salacaqsa, sonradan bunu əvəzini çıxmaq mümkün olacaq.
Göründüyü kimi, "Kəpəz”in ölkə kubokundan kənara çıxması onun işinə yaradı. Həm stadionu təmir olunaraq müasirləşəcək, həm də final Gəncəyə gələcək. Onu da nəzərə alaq ki, Gəncə Azərbaycan kubokunun ən çox yollandığı məkanlardandır. Çünki yerli "Kəpəz” 4 dəfə (1994, 1997, 1998 və 2000-ci illərdə) kubokun qalibi olmaqla bu göstəricidə "Qarabağ”la birgə 2-ci yerə şərikdir. Ən çox qalib isə Azərbaycan kubokunu 6 dəfə qazanan "Neftçi”dir.
Mehman SÜLEYMANOV