"Hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı məqsədilə tətbiq olunan layihələr davam etdirilib. Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq". Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun növbəti Hesabat Seçki Konfransındakı çıxışı zamanı deyib.
O, xüsusən Mərdəkanda inşa olunmuş milli komandaların məşq mərkəzinin istifadəyə verilməsini və Bakı Olimpiya Stadionunda milli komandaların 2 oyununun keçirilməsini qeyd edib: "Bu oyunların birində İtaliya yığması ilə qarşılaşmada ölkəmizin futbol tarixinin azarkeş rekordu da qeydə alındı. Oyunu 50 minədək azarkeş izlədi. Bu stadion AFFA-nın balansına verildiyi, bizə etimad göstərildiyi üçün minnətdaram".
R.Abdullayev ötən mövsüm Azərbaycanın 2 klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə yanaşı, klublarda maliyyə vəziyyətinin çətinləşməsinin narahatedici olduğunu vurğulayıb: "Hazırda sponsorların axtarışlarını davam etdiririk. Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar. Bu məsələdə gərək aktiv işləyək".
AFFA prezidenti 5 - 21 mayda Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəklərinə əminliyini və Azərbaycanın qitə futbol ailəsində layiqli yerini tutacağını vurğulayıb.