Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.
İspaniyada "Barselona" İngiltərənin "Arsenal" klubunu qəbul edib. Luis Enrikenin yetirmələri Londonda olduğu kimi, "Kamp Nou"da da 2 top fərqi ilə qalib gəliblər. "Barselona"nın Messi-Suares-Neymar hücum üçlüyü hərəyə 1 qol vurub.
Digər görüş isə Almaniyada olub və dramatik alınıb. Bir gün öncə keçirilən "Atletiko" - PSV matçında olduğu kimi, "Bavariya" - "Yuventus" oyununda da qalib əsas vaxtda müəyyənləşməyib. İtalyanlar fasiləyə hesabda 2:0 irəlidə yollansalar da, üstünlüklərini sonadək qoruya bilməyiblər. "Bavariya"nın hücumçuları Robert Levandovski ilə Tomas Müller son 20 dəqiqədə başla vurduqları qollarla hesabı bərabərləşdirərək, cütün taleyini əlavə vaxta aparıblar. Burada isə sonradan meydana çıxan futbolçular - Tyaqo Alkantara ilə Kinqsli Koman öz sözlərini deyiblər. Nəticədə münhenlilər 4:2 hesablı əzmkar qələbə ilə son 1/4 finalçı olublar. Ötən mövsüm Çempionlar Liqasının finalında oynayan "Yuventus"un mübarizəni dayandırması ilə İtaliyanın turnirdə təmsilçisi qalmayıb.
Çempionlar Liqası, 1/8 final, cavab görüşləri
23:45. "Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1
Qollar: Neymar, 18, Luis Suares, 65, Lionel Messi, 88 - Mohamed Elneni, 51
Baş hakim: Sergey Karasyov (Rusiya)
Barselona. "Kamp Nou"
İlk oyun: 2:0
23:45. "Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) - 4:2
Qollar: Robert Levandovski, 73, Tomas Müller, 90+1, Tyaqo Alkantara, 108, Kinqsli Koman, 110 - Pol Poqba, 5, Xuan Quardado, 28
Baş hakim: Yunas Eriksson (İsveç)
Münhen. "Allians Arena"
İlk oyun: 2:2
Qeyd edək ki, daha öncə 1/4 finala "Real", "Atletiko" (hər ikisi İspaniya), "Volfsburq" (Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa) və "Benfika" (Portuqaliya) vəsiqə qazanmışdı. Bu mərhələnin püşkü martın 18-də atılacaq.