Futbol üzrə Azərbaycan milli komandası bu gün səhər saatlarında ölkəni tərk edib. Sportnet.az-ın məlumatına görə, yığmamız Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb.
Baş məşqçi Robert Prosineçkinin heyətə dəvət etdiyi 25 futbolçudan yalnız Eddi İsrafilov hazırlıq prosesinə qoşula bilməyəcək. O, "Kordoba" klubunun İspaniya Sequndasındakı vacib oyunları ilə əlaqədar Prosineçkidən icazə alıb. İsrafilovun əvəzinə yeni futbolçu dəvət edilməyib.
Bir həftəlik hazırlıq prosesi çərçivəsində millimiz martın 26-da Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək.