Futbol üzrə Ermənistan milli komandasında futbolçularla federasiya rəhbərliyi arasında qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, qurumun prezidenti Ruben Ayrapetyan bəzi aparıcı futbolçuların yığmaya bir daha dəvət almayacaqlarını bildirib.
Onun fikrincə, transfer hüququ Rusiya "Spartak"ına məxsus Yura Movsisyan, habelə, Robert Arzumanyan və Gevorq Kasparov Ermənistan millisinin səviyyəsinə uyğun deyil: "Onlar yığmaya mənim tələbimlə çağırılmayıblar və bir daha milli komandada oynamayacaqlar. Hamı mənim çağırdığım futbolçuların son iki ildə necə çıxış etdiklərini gördü. Kimsə mənə desin ki, Movsisyan və Arzumanyan canlarını qoydular və sonadək mübarizə apardılar. Bəli, onlar yüksək futbolçu keyfiyyətlərinə malikdirlər. Amma bu, o demək deyil ki, yığma onlar üçün gəzinti və ya əyləncə məkanıdır. Milli komanda 0:3 hesabı ilə uduzur, futbolçu isə qulağınadək təbəssümlə avtobusa oturur. Səni əyləndirən nədir? "Satqınlıq" sözünü işlədərkən, mən təkcə oyun satmağı nəzərdə tutmuram. Yaxşı, Yura Movsisyan məsələsində günahkar bizik. Bəs "Spartak" niyə ondan imtina etdi? Məgər o, son 2 ildə futbol oynayıb? Əlbəttə, yox! Arzumanyanın müsahibə və açıqlamaları isə bütün suallara cavab cavab verir. Bu addımı ilə o, özü-özünü təslim edib. Odur ki, mən bu insanlar barədə danışmaq istəmirəm. Amma demək istəyirəm ki, nə qədər ki, federasiya prezidenti mənəm, onların ayaqları yığmada olmayacaq".
Ayrapetyan yığmanın işinə qarışdığını da etiraf edib: "Məni bu məsələdə də ittiham edirlər. Amma federasiya prezidenti əsas cavabdehdirsə, bu, onun vəzifəsidir. Mən qarışmayacağamsa, bəs kim qarışmalıdır? O başqa məsələdir ki, yığmanın işlərinə kənar insanlar qarışmamalıdırlar".