"Çətin oyun olacağını bilirdik. Bakıdakı nəticədən sonra rəqibimiz üçün bu qarşılaşmanın prinsipiallığının daha da artdığını düşünürdük". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-21) baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Bu gün Rusiya yığması ilə Avropa çempionatının seçmə mərhələsində səfərdə 2:2 hesablı bərabərliyə qaldıqları matçı dəyərləndirən təcrübəli mütəxəssis nəticədən razı qalıb: "Bir məqam da xüsusi vurğulanmalıdır ki, Rusiya yığmasında məşqçi dəyişikliyi olub və bu, bizim işimizi bir qədər də çətinləşdirirdi. Təbii ki, güclü rəqiblə səfər oyununda heç-heçə etdiyimiz üçün sevinirik. Nəticəni qənaətbəxş sayıram”.
Qeyd edək ki, Rusiya U-21-nin baş məşqçisi Dmitri Xomuxa ötən ilin noyabrın 17-də Bakıda 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefaya göndərilərək Nikolay Pisarevlə əvəzlənib.