Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, İspaniyanın "Atletiko" klubudur.
Madrid komandası yarımfinalda Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırıb.
Münhendəki qarşılaşmada tərəflər hərəyə bir penaltidən yararlana bilməyib. Meydan sahiblərindən 34-cü dəqiqədə Tomas Müller, qonaqlardan isə 84-cü dəqiqədə Fernando Torres fərqlənə bilməyib. Görüş isə "Bavariya"nın qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 31-ci dəqiqədə Xabi Alonso vurub. 54-cü dəqiqədə Antuan Qrizmann bərabərliyi təmin etsə də, 74-cü dəqiqədə Robert Levandovski münhenlilərin qələbə topunun müəllifi olub. Məğlubiyyətə baxmayaraq, öz meydanındakı qarşılaşmada 1:0 hesabı ilə qalib gəldiyi və səfərdə qol vurduğu üçün "Atletiko" adını finala yazdırıb.
Çempionlar Liqası
Yarımfinal, cavab görüşü
"Bavariya" (Almaniya) - "Atletiko" (İspaniya) - 2:1
Qollar: Xabi Alonso, 31, Robert Levandovski, 74 - Antuan Qrizmann, 54
34-cü dəqiqədə Tomas Müller ("Bavariya") penaltidən yararlana bilməyib (qapıçı)
84-cü dəqiqədə Fernando Torres ("Atletiko") penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Münhen, "Alyans Arena"
İlk oyun - 0:1.
Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də İspaniya "Real Madrid"i ilə İngiltərənin "Mançester Siti" komandası arasında (ilk oyun - 0:0) keçiriləcək.