1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionun "belini qıran" "Futbol kralı"
İspaniya yığması qarşıdakı Avropa çempionatında qalib ola bilməyəcək. Yox, mən nə yuxu görmüşəm, nə də öncədən görücüyəm. Sadəcə, "Futbol kralı” Pelenin son açıqlamasına əsasən bunu deyərək ispanların titulunu əldən verəcəklərini iddia edirəm.
Çünki 75 yaşlı əfsanəvi braziliyalı futbolçunun indiyədək etdiyi proqnozlar nəinki özünü doğrultmayıb, sonda gülməli nəticələr verib. Tarixə səyahət etsək, buna şahid ola bilərik.
Yadımdadır, 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatına az qalmışdı və televiziyada Pelenin Kolumbiya yığmasının mundialın qalibi olacağı ilə bağlı proqnozunu eşitdim. Bu, həmin vaxt 15 yaşı olan bəndənizinin böyük marağına səbəb oldu. Açığı, həmin vaxt Kolumbiya yığmasına simpatiyam vardı və haqqında çox danışılan bu milli komandanın hansısa uğura imza atacağını gözləyirdim. Ancaq sonda nə oldu, kolumbiyalılar heç pley-ofa çıxa bilmədilər, bu azmış kimi, öz qrupunda sonuncu yeri tutdular.
Bundan sonra Pele gözümdən düşdü və onun açıqlamalarının qeyri-ciddi olduğu hər dəfə təsdiqini tapardı. Özü də üçqat dünya çempionu adətən mundiallardan öncə proqnoz verib. Təsəvvür edin ki, 2002-ci ildə öz millii komandasını aşağılayaraq zəif olduğunu, qrupda qalacağını demiş, əvəzində Çin yığmasının sürpriz edəcəyini söyləmişdi. Sonda nə oldu, çinlilər nəinki hər 3 oyununu uduzaraq qrupda qaldı, heç qol da vura bilmədi. Braziliya millisi isə 5-ci dəfə dünya çempionu olaraq ən titullu yığma olaraq qalır.
Pele həmyerliləri haqda yüksək fikirdə olanda isə əksi baş verdi. Bu, elə son mundialda oldu. "Futbol kralı” vətənində keçirilən dünya çempionatının finalında Braziliya və İspaniya milli komandalarının üzləşəcəyini demişdi. Ancaq yekun heç də bundan xəbər vermədi. İspanlar qrupda qalmaqla mundialın ən böyük fiaskosunu yaşayan oldular, braziliyalılar isə yarımfinalda Almaniyaya 1:7 hesabı ilə uduzmaqla "qara tarix” yazdılar.
"Futbol kralı" hələ 90-cı illərdə yüksək fikirdə olduğu Nigeriya yığmasının DÇ-2010-un yarımfinalınadək irəliləyəcəyini bildirsə də, təbii ki, bu, həyata keçmədi. Onun Afikadan dünya çempionu çıxacağı ilə bağlı proqnozu da boş-boşuna deyilmiş söz olaraq qalır.
Göründüyü kimi, Pele favorit saydığı yığmaları sonda "bədbəxt edir”. Maraqlıdır ki, o, hələ 1998-ci ildə İspaniyanın "belini qırmış", onda da çempion olacağını söyləmişdi. Əvəzində ispanlar həmin vaxt heç qrupdan çıxa bilməmişdilər. İspaniya millisi 2008-2012-ci illərdə ardıcıl 3 böyük turnirin – 2 Avropa, 1 dünya çempionatının qalibi olsa da, hazırda həminki gücdə deyillər. Hər halda, son dünya çempionatı buna bariz nümunə oldu.
Visente Del Boskenin komandası isə ötən gecə heç kimin gözləmədiyi halda evdə Gürcüstan yığmasına məğlub oldu. Düzdür, çoxları deyə bilər ki, bu, yalnız yoldaşlıq görüşüdür və bir oyunla qiymət vermək olmaz. Ancaq digər tərəfdən, Avropa və dünya çempionunun özündən qat-qat zəif yığmanın qapısına nəinki 90, əlavə vaxtı da nəzərə alsaq az qala 100 dəqiqə yol tapa bilməməsi xüsusilə hücum xəttində problemlərinin olduğunu göstərir. Qalib gəlmək, çempion olmaq üçünsə mütləq qol vurmalısan.
Əslində, Pele təkcə İspaniyanı yox, İngiltərə millisini də Avropa çempionluğuna əsas namizəd saymaqla onu da necə deyərlər, vaxtından əvvəl sıradan çıxarıb. Onsuz də ingilislər böyük turnirlərdə uğur qazana bilmirlər. Təsadüfi deyil ki, futbolun yaradıcıları indiyədək Avropa çempionu ola bilməyiblər. İngilislərin yalnız 1 dünya çempionluğu var ki, bu da düz 50 il öncə qazanılıb. Həmin uğurda da azərbaycanlı hakim Tofiq Bəhramov böyük rol oynayıb.
P.S: Deyirəm, görəsən, Pele Azərbaycan milli komandasının çempion olacağına proqnoz versə, nə olar? Ay "Futbol kralı", sən gəl millimizlə bağlı bədbin bir şey de ki, söylədiyinin tam əksi olsun. Bəlkə onda biz də uğura doyunca sevinə bilək...
Mehman Süleymanov