"Qəbələ"nin ukraynalı məşqçilərindən daha birinin gedişi dəqiqləşib. Klubun baş meneceri Zaur Əzizov Sportnet.az-a açıqlamasında baş məşqçi Roman Qriqorçukun köməkçilərindən Stepan Matveyev kimi Mixaylo Savkanın da postundan ayrıldığını bildirib. Hər iki ukraynalı mütəxəssis vətənlərində qalmağa üstünlük veriblər: "Matveyevlə Savka "Qəbələ"də olmayacaqlar. Bu, hər ikisində ailə məsələləri ilə bağlı problemlə əlaqədardır. Ona görə də Azərbaycana gələ bilmirlər".
Matveyevlə Savkanın gedişindən sonra "Qəbələ"də 2 ukraynalı məşqçi qalıb. Bunlar Bakının "İnter" klubundan gələn fiziki hazırlıq üzrə məşqçi Vladimir Şeludko ilə analitik məsələlərə cavahdeh olan Anatoli Korotyadır.
Əzizovun sözlərinə görə, gedən ukraynalı məşqçilərin əvəzləyəciləri yaxın 2 gündə bəlli olacaq. Məlum olduğu kimi, "Qəbələ" Avropa Liqasına hazırlığa iyunun 10-da başlayacaq. Ukraynalı mütəxəssisləri yerli məşqçilərin əvəzləyəcəkləri istisna olunmur.
Qeyd edək ki, "qırmızı-qaralar"dan qışda qapıçılarla işləyən məşqçi Andrey Qluşenko getmişdi. Onun da ailə məsələrinə görə Ukraynada qaldığı bildirilmişdi. Həm Qluşenko, həm də Savka ilə Matveyev 2015-ci ilin yanvarında Qriqorçukla birgə "Çernomorets"dən "Qəbələ"yə gəlmişdilər. Onlardan Savka Qriqorçukun əsas köməkçisi idi.