"Qəbələ" Avropa Liqasına hazırlıq prosesində 5 yoxlama oyunu keçirəcək. Klubun baş meneceri Zaur Əzizov Sportnet.az-a açıqlamasında Bakıda olduqları müddətdə də sınaq matçına çıxacaqlarını bildirib: "Komandamız iyunun 10-da Bakıda bir araya gələcək. Tiflisə yollananadək məşqlərimizi "Bakı"nın bazasında keçirəcək. Həmin 6 günlük hazırlıq prossində 2 yoxlama oyunu keçirəcəyik. Hazırda fasilə olduğundan rəqib tapmaq çətindir və yəqin ki, ilk mərhələdə həvəskar komandalarla üzləşəcəyik. İyunun 16-da Gürcüstana 10 günlük təlim-məşq toplanışına yollanacağıq. Tiflisdə 3 oyun keçirəcəyik. Tarixlər iyunun 18-i, 22-si və 26-dır. İlk matçımız Qorinin "Dila" klubu ilə olacaq. İyunun 22-də Bolnisinin "Sioni" klubu ilə görüşəcəyik. Ola bilsin ki, "Sioni" ilə 2 dəfə qarşılaşdıq".
Xatırladaq ki, "Qəbələ"nin Avropa Liqasında ilk rəqibi iyunun 20-də püşkatmada müəyyənləşəcək.








































































